Zelenskidən ruslara qarşı yeni sanksiyalar...

Zelenskidən ruslara qarşı yeni sanksiyalar...

...Bu arada Ukrayna prezidenti Vladimir Zelenski Rusiya hakimiyyətinin 606 nümayəndəsinə sanksiya tətbiq edən fərman imzalayıb.

SİA TASS-a istinadən xəbər verir ki, yeni sanksiya siyahısına Rusiya Təhlükəsizlik Şurasının 28 üzvü, Federasiya Şurasının 154 üzvü və Dövlət Dumasının 424 deputatı daxildir.

Siyahıya daxil olan şəxslərin adları göstərilmir. Eyni zamanda, Zelenski qeyd edib ki, “onlara qarşı artıq hüquqi, diplomatik və siyasi tədbirlər görülüb”.

Qeyd edək ki, bir müddət əvvəl, sentyabrın 2-də Ukrayna MAQATE missiyasının Zaporojye AES-ə səfəri fonunda Rusiya və Belarusdan olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib. Sanksiyaya məruz qalanlar arasında Rusiyanın müdafiə şirkətləri, “Rosatom” korporasiyası ilə əlaqəli şəxslər, Belarus və Rusiya bankirləri, həmçinin Serniya və Tsarqrad şirkətləri var.

Bundan əvvəl, iyunun 9-da Kiyev sanksiya siyahısına Rusiya dövlət rəsmilərini, universitet rektorlarını, həmçinin Rusiya prezidenti Vladimir Putini daxil edib.

Avqust ayında Ukraynanın baş naziri Denis Şmıxal Rusiyaya məxsus 903 obyektin ölkəyə verilməsi ilə bağlı hökumətin təsdiq etdiyi fərmanı elan edib. Zelenskinin özü avqustun 6-da bildirib ki, Ukrayna hakimiyyəti artıq Rusiyanın 28 milyard qrivna (təxminən 765 milyon dollar) dəyərində aktivlərinə həbs qoyub.

Apreldə Ukrayna prezidenti Vladimir Zelenski “Rossotrudniçestvo”ya, həmçinin “Volqa-Dnepr”, “Sevmormaş-2M”, “Dalzavod”, “Molot-Mexanika”, “Spetsagregat” və “Zvyozdoçka” müəssisələrinə qarşı sanksiyalar tətbiq edib. Üç il müddətinə sanksiyalara aktivlərin dondurulması, ticarət əməliyyatlarının məhdudlaşdırılması, kapitalın Ukraynadan çıxarılmasına qadağa qoyulması və digər tədbirlər daxildir.

...Belə görünür ki, bunun davamı hələ də olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə