Sabiqlər “ara düzəldəcəklər”..?

Sabiqlər “ara düzəldəcəklər”..?

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni, sabiq Almaniya kansleri Angela Merkellə birlikdə Vladimir Putinlə Vladimir Zelenski arasındakı münaqişənin həllində vasitəçi olmağa hazır olduğunu bildirib. Deyim ki, xanım Merkel bu məsələdən hələ ki, xəbərsizdir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Berluskoni, bu barədə “Rai1” telekanalının efirində bildirib.

Sabiq italiyalı baş nazir Merkelin onunla birlikdə vasitəçilik etməyə etiraz etməyəcəyinə də əmindir. Və əgər xanım Merkell bu məsələdə “nəm-nüm” edərsə, Berluskoni onu yola gətirməyi də öz boynuna götürür.

Qeyd edək ki, Berluskoni, bu arada Moskvanın Avropa İttifaqı ilə yaxınlaşmaq əvəzinə Çinlə münasibətləri gücləndirməsindən təəssüfləndiyini də bildirib. Bundan əlavə, İtaliyanın sabiq baş naziri qeyd edib ki, Qərbin sanksiyaları Rusiyanı guya iqtisadi itkilərə dözməyə məcbur etməyib.

“Mənə elə gəlir ki, o, tamamilə sanksiyalara və qazın qiymətinin yuxarı həddinə müqavimət göstərməyə qadirdir”. Qeyd edim ki, bunları Silvio Berluskoni deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə