Nikol bizimlə dost olmaq istəyir..?

Paşinyan Rusiya sayəsində Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşacağına ümid edir
Nikol bizimlə dost olmaq istəyir..?

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istədiyini və bu işdə Rusiyanın köməyinə ümid etdiyini bildirib.

Bundan başqa, İrəvanın Azərbaycanla Dağlıq Qarabağdakı vəziyyətlə bağlı “intensiv söhbət” apardığını deyən Paşinyan Azərbaycanla sərhədlərin açılmasının müzakirə olunduğunu da bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “İnterfaks” yayıb.

“Biz təkcə Ermənistan Respublikasının strateji müttəfiqi kimi deyil, həm də Azərbaycanın çox yaxın tərəfdaşı kimi Rusiya Federasiyasının dəstəyinə ümid edirik. Düşünürəm ki, bu Azərbaycan üçün də imkanlar açır”.

Qeyd edək ki, bunu Şərq İqtisadi Forumunda deyən Paşinyan 2021-ci il yanvarın 11-də üçtərəfli işçi qrupun yaradılması haqqında imzalanan bəyanata da toxunub.

Onun sözlərinə görə, bu layihənin ideyası ondan ibarətdir ki, İrəvan Azərbaycan ərazisindən, Bakı isə Ermənistan ərazisindən nəqliyyat marşrutları alacaq. “Qlobal mənada bu, yeni beynəlxalq ticarət yollarının açılması üçün bir fürsətdir və demək lazımdır ki, biz bunda çox maraqlıyıq və Rusiyanın dəstəyi ilə yaxın gələcəkdə bu problemi həll edəcəyimizə ümid edirik”.

Yeri gəlmişkən, Ermənistanın baş naziri “bəzi qüvvələr”in Ukraynadakı münaqişədən Transqafqazda sabitliyi pozmaq üçün istifadə etməyə çalışdığı barədə də fikir bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə