Zaporojye Ukrayna elektrik şəbəkəsindən yenidən ayrıldı

Ukraynanın “Energoatom” Dövlət Nüvə Elektrik Şirkətindən verilən məlumatda belə deyilir...
Zaporojye Ukrayna elektrik şəbəkəsindən yenidən ayrıldı

Ukraynanın “Energoatom” Dövlət Nüvə Elektrik Şirkəti Zaporojye Atom Elektrik Stansiyasının Ukraynanın elektrik şəbəkəsindən yenidən ayrıldığını bildirib.

SİA xəbər verir ki, şirkətdən verilən məlumatda yazılır: “Ferosplavna adlı enerji xətti bölgədəki qarşıdurmalara görə bağlanıb. Sözügedən xətt elektrik stansiyasını Ukrayna şəbəkəsinə birləşdirən son enerji ötürmə xətti idi. Bu xətt stansiya daxilindəki ehtiyacları da elektrik enerjisi ilə təmin edirdi”.

Qeyd edək ki, avqustun 25-də “Energoatom”dan verilən açıqlamada Zaporojye Atom Elektrik Stansiyasının tarixdə ilk dəfə elektrik şəbəkəsindən ayrıldığı, əlaqənin avqustun 26-da bərpa olunduğu bildirilmişdi.

Xatırladaq ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır. 6 nüvə reaktoru olan və 5700 meqavat-saat elektrik enerjisi istehsal gücünə malik bu elektrik stansiyası Ukraynanın ümumi elektrik enerjisinin 20 faizini təmin edirdi.

Zaporojye Atom Elektrik Stansiyası martın 4-də Rusiya ordusu tərəfindən ələ keçirilib. Hazırda Rusiyanın nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları həyata keçirilir. Ukrayna və Rusiya bu hücumlara görə bir-birini günahlandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə