Şagirdlər müəllimi ağaca bağlayıb və döyüb - HİNDİSTANDA

Şagirdlər müəllimi ağaca bağlayıb və döyüb - HİNDİSTANDA

Hindistanın Carkhand ştatının Dumka dairəsində şahirdlər riyaziyyat müəllimi və məktəb administratorunu pis qiymətlərə görə ağaca bağlayıb və döyüblər. SİA xəbər verir ki, bu barədə NDTV nəşri məlumat verib. Hadisəni törədən bələdiyyə məktəbinin 11 nəfər 9-cu sinif şagirdləri olub.

Məktəblilər bəyan edib ki, riyaziyyat müəllimi Suman Kumar qəsdən onlara testin praktiki hissəsi üçün pis qiymət verib və onlar imtahandan kəsilib. Zərərçəkən administrator Soneram Şour nəticələri Carkhandın Elmi şurasının saytına yerləşdirib.

"Məktəb rəhbərliyi baş vermiş hadisə barədə polisə rəsmi müraciət etməyib. İnsidentin baş verməsi təsdiq ediləndən sonra mən məktəb rəhbərliyinə şikayət etməyi təklif etdim, lakin onlar şagirdlərin gələcək karyeralarına xələl gəlməməsi üçün bundan imtina etdilər", - bunu polis sahəsinin rəhbəri Nityanand Bhokoxta deyib.

Polisin məlumatına görə, bu hadisəyə bu və ya digər dərəcədə məktəbin 200 şagirdinin "böyük hissəsi" cəlb olunub.

Şagirdlərin qəzəbinə tuş gələn müəllim əvvəllər bu tədris müəssisəsinin direktoru olub, lakin sonradan vəzifədən azad edilib, səbəbləri açıqlanmır. Qayda-qanunu bərpa etmək üçün 9 və 10-cu siniflərdə dərslər dayandırılıb və şagirdlər evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə