"Ermənilər Brüsseldən onlar üçün heç bir irəliləyiş gözləməsinlər”

"Ermənilər Brüsseldən onlar üçün heç bir irəliləyiş gözləməsinlər”

Qərbin regionda fəallaşmaq, mövcudluğunu təmin etmək və müvafiq olaraq öz maraqlarını reallaşdırmaq cəhdlərinə baxmayaraq, Brüsseldə keçiriləcək görüşdən şəxsən mənim elə də böyük gözləntilərim yoxdur.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu erməni politoloq Armen Bağdasaryan deyib.

Qeyd edək ki, bu gün Brüsseldə Ermənistan və Azərbaycan liderlərinin Avropa Şurasının prezidenti Şarl Mişellə üçtərəfli görüşü gözlənilir. İclasda sülh sazişi üzrə qrupun yaradılmasının müzakirəsi planlaşdırılır.

Maraqlıdır ki, erməni politoloq Brüsseldən “artsax”la bağlı ciddi razılaşmalar gözləməyə elə də bir lüzum görmür. Qeyd edilməlidir ki, Bağdasaryan bunu Ermənistan-Azərbaycan problemlərinin həlli ilə bağlı Moskvanın əhəmiyyətli dərəcədə böyük çəkisi və rolu ilə əlaqələndirir.

Və təbii ki, bu geosiyasi istiqamətdə Rusiya Federasiyası ilə Qərb arasında gedən rəqabəti də etiraf edir.

Ekspert Brüsselin perspektivləri ilə bağlı hətta ehtiyatla mülayim nikbinliyin formalaşmasına mane olan digər amil kimi Avropa İttifaqının Bakıdan enerji ilə gözləntilərini də dilə gətirir.

Buna görə də, Bağdasaryan Brüsseldən hər hansı bir ermənipərəst addım, xüsusən də Azərbaycana hər-hansı bir təzyiqin göstəriləcəyinə inanmır.

Amma, deyim ki, o da bəzi başqa erməni siyasətçiləri kimi, özünü o yerə qoymur və Brüsselin iki ölkə liderlərinin vaxtaşırı görüş yerinə çevrilməsi faktını Ermənistan üçün “yaxşı hal” kimi dəyərləndirir.

Bağdasaryana görə, belə görüşlərin müntəzəm keçirilməsi, guya ermənilərin “bədnam” hesab etdikləri “3+3” və Ermənistan-Azərbaycan-Rusiya-Türkiyə formatına alternativ yarada bilər. Maraqlıdır ki, politoloq, yenə də bəzi erməni həmkarları kimi, bunu “artsax” probleminin... guya həll olunmaması və Qərbin bu “problemi nəzərdə saxlaması” ilə əlaqılındirmək istəyir..

Amma onun mifik arzularına baxmayaraq, o, Brüsseldən ermənilər üçün sıçrayışlı hər-hansı bir qərar gözləməyə d lüzum olmadığını da etiraf edir.

...Deyim ki, yenə də, bütün bunlara baxmayaraq, bəzi ermənilər kimi, Bağdasaryan da nəyə isə ümid edir. Belə ki, o, erməni diplomatları bu alternativ platformadan “erməni gündəmini kollektiv Qərbin gündəliyi ilə üst-üstə düşən məqamlarda” təbliğ etmək üçün istifadə etməyə çağırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə