İqlim böhranından əziyyət çəkən ölkələr toplandı

İqlim böhranından əziyyət çəkən ölkələr toplandı

Afrika ölkələrinin başçıları və qeyri-hökumət təşkilatları Qabonun paytaxtı Librevildə bir araya gələrək qitədə iqlim dəyişikliyinin yaratdığı fəlakətləri müzakirə ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, sentyabrın 2-dək davam edəcək Afrika İqlim Həftəsində (ACW) iştirakçılar bu böhranın həlli istiqamətində atılacaq addımlardan danışacaqlar.

BMT-nin təşkilatçılığı ilə keçirilən toplantıda BMT İnkişaf Proqramı, BMT Ətraf Mühit Proqramı, Dünya Bankı, Afrika İttifaqı, Afrika İnkişaf Bankı və BMT-nin Afrika İqtisadi Komissiyasının nümayəndələri iştirak edirlər.

Qitədə iqlim böhranı ilə mübarizədə inkişaf etmiş dövlətlərin yoxsul ölkələr qarşısında maliyyə öhdəlikləri ilə yanaşı, iqlim risklərinə qarşı fəaliyyətlərin artırılması, aşağı emissiyalara keçidin sürətləndirilməsi və aktual problemlərin həlli üçün tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi məsələləri yığıncağın müzakirə mövzularıdır.

İqlim böhranına ən az səbəb olan, lakin ən çox əziyyət çəkən qitənin Afrika olduğuna dair ortaq fikrə malik olan qeyri-hökumət təşkilatları iqlim böhranı ilə mübarizədə inkişaf etmiş ölkələrin qitədəki yoxsul bölgələrə 100 milyard dollarlıq dəstək öhdəliklərini yerinə yetirmələrini istəyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə