NATO Arktikaya lövbər salır...

Rusiya və Çinin oradakı hərəkətlərinin intensivləşməsi səbəbindən NATO bloku Arktika regionunda mövcudluğunu gücləndirməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

RBC-nin məlumatına görə, NATO-nun baş katibi qeyd edib ki, alyans uzaq şimalda baş verənlər haqqında aydın təsəvvür əldə etmək üçün artıq dəniz kəşfiyyatı təyyarələrinə sərmayə qoyur. Eyni zamanda, o vurğulayıb ki, Rusiya son vaxtlar bu ərazidə fəaliyyətini gücləndirib, bundan əlavə, hələ Sovet dövründən qalma bazaları da açıb və orada hipersəs raketləri kimi yeni müasir silahları yerləşdirərək sınaqdan keçirir.

Stoltenberq həmçinin əlavə edib ki, özünü “Arktikaya yaxın dövlət” elan edən Çin də Arktikaya maraq göstərir, çünki region iqlim dəyişikliyi səbəbindən gəmiçilik üçün getdikcə daha çox əhəmiyyət kəsb edir.

Bundan əvvəl NATO-nun baş katibi alyansın Arktikada güclü mövcudluğa ehtiyacı olduğunu bildirmişdi. O, bu barədə Kanadanın baş naziri Castin Trüdo ilə Alberta ştatının Cold Lake şəhərindəki Kanada hərbi bazasına birgə səfəri zamanı demişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə