Merkel...vasitəçi ola bilər?

Ukraynanın Almaniyadakı səfiri Merkeli Moskva ilə Kiyev arasında vasitəçi etməyi təklif edib

Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik “Der Spiegel” jurnalına verdiyi müsahibəsində Almaniyanın keçmiş kansleri Angela Merkeli keçmişdə rəsmi Moskvaya qarşı “fəlakətli siyasətinə” baxmayaraq, amma indi Rusiya ilə Ukrayna arasında silahlı münaqişənin həllində vasitəçi ola biləcəyini istisna etməyib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Merkelə “hələ də hörmət etdiyini” deyən Melnik, hazırda böhrandan çıxış yolu axtaran Rusiya hakimiyyətinin axtarışlarına xanım siyasətçinin töhfə verə biləcəyini də gizlətməyib.

Melnik Merkelin Putini çox yaxşı tanıyan çox az adamdan biri olduğunu da bildirib. Eyni zamanda o, Merkelin siyasətinin uğursuz Minsk razılaşmaları ilə bağlı olduğunu da etiraf edib və bildirib ki, keçmiş kansler Ukrayna üçün hələ də böyük məsuliyyət daşıyır.

Ukraynalı səfirə görə, Merkel bu danışıqlarda iştirak etməklə

“əvvəllər buraxdığı” ölümcül səhvlərini düzəltmək şansı əldə edə bilər.

Xatırladaq ki, 2005-2021-ci illərdə Almaniya hökumətinə rəhbərlik edən Angela Merkel Rusiyaya qarşı siyasətinə, xüsusən də “Şimal axını 2” qaz kəmərinin tikintisinə razılıq verdiyinə görə tənqid edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə