Səudiyyə Ərəbistanının naziri: İstənilən vaxt neft hasilatını azalda bilərik
Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman qlobal bazarda çağırışlara uyğun olaraq istənilən vaxt OPEC+ çərçivəsində neft hasilatının azaldıla biləcəyini bəyan edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, səudiyyəli nazir “Bloomberg” telekanalına müsahibəsində OPEC+ alyansının qəbul etdiyi Əməkdaşlıq Bəyannaməsinə uyğun olaraq qlobal neft bazarında qiymətlərin tənzimlənməsi siyasətinin davam etdirildiyini söyləyib. Onun sözlərinə görə, 2020-2021-ci illərdə üzv ölkələr bu sahədə sabitliyi təmin etmək məqsədilə xam neft istehsalının azaldılması istiqamətində addımlar atıblar.
“Tezliklə yeni saziş imzalanacaq və artıq bunun üzərində işlər davam edir. Bu sənəd əvvəlkindən daha mükəmməl olacaq və qlobal neft bazarında gələcək risklərin qarşısının alınması üçün daha təsirli mexanizmləri ehtiva edəcək”, -deyə nazir vurğulayıb.
Əbdüləziz bin Salman qeyd edib ki, qlobal neft bazarında qiymətlərə təsir edən mənfi amillər qalır və hasilatçı ölkələr yeni risklərlə qarşılaşır. O əlavə edib: "Bu neqativ təsirlər neftə olan tələbin azalması, böyük həcmdə təklifin artması ilə bağlı təkrarlanan xəbərlər, qiymət məhdudiyyətlərinin, embarqoların və sanksiyaların potensial təsirləri ilə bağlı qeyri-müəyyənlik haqqında əsassız iddiaların axını ilə gücləndirilir”.
Səudiyyəli nazir, həmçinin bazarların fəaliyyətinə təsir edən cari dəyişkənliyə də toxunub. O, kifayət qədər likvidlik olmadan bazarların fiziki əsasların reallıqlarını tam şəkildə əks etdirə bilməyəcəyini deyib. Eyni zamanda, ehtiyat imkanların ciddi şəkildə məhdudlaşdığı və pozulma riskinin yüksək qaldığı vaxtlarda saxta təhlükəsizlik hissi verə biləcəyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB