Olaf Şolts payızda Serbiya və Kosovo liderləri ilə görüşəcək

Olaf Şolts payızda Serbiya və Kosovo liderləri ilə görüşəcək

Almaniyanın Federal kansleri Olaf Şolts payızda Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurti ilə görüşəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Olaf Şoltsun Berlin prosesi çərçivəsində Serbiya və Kosovo rəhbərləri ilə görüşməyə hazırlaşdığı qeyd olunub. Almaniya kansleri Serbiya-Kosovo dialoqunda irəliləyişin təmin edilməsi üçün hər iki tərəfi Berlində görüşə dəvət edəcək. O, tərəflərin konstruktiv münasibət qurmasının və məqbul həll yolu axtarmasının böyük əhəmiyyət daşıdığını bildirilib.

Qeyd edək ki, avqustun 18-də Brüsseldə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin təşəbbüsü ilə keçirilən Serbiya Prezidenti A.Vuçiç və Kosovonun Baş naziri A.Kurtinin görüşündə tərəflər arasında problemlərin həllinə dair heç bir irəliləyiş əldə edilməyib.

Xatırladaq ki, Kosovo hökuməti avqustun 1-dən etibarən ölkədə yaşayan serblər də daxil olmaqla, hər kəs üçün dövlətə məxsus şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanı olma öhdəliyi ilə bağlı qaydaları tətbiq edəcəyini açıqlayıb. Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq iyulun 31-də ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıb. Eyni zamanda, yollarda barrikadalar qurulub və bu vəziyyət iki ölkə arasında gərginliyə səbəb olub.

Daha sonra yeni qaydaların tətbiqinin sentyabrın 1-dək təxirə salındığı açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə