Çexiya Ukraynaya yardımı kəsməyəcək...

Ukraynadan olan 105 mindən artıq qaçqın artıq Çexiyada işlə təmin olunub
Çexiya Ukraynaya yardımı kəsməyəcək...

Çexiya rəhbərliyi Kiyevə fəal hərbi və humanitar yardım göstərməkdə davam etmək niyyətindədir.

SİA“RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Çexiyanın baş naziri Petr Fiala bildirib.

Sovet qoşunlarının Çexoslovakiyaya daxil olmasının ildönümünə həsr olunmuş tədbir çərçivəsində hökumət başçısı qeyd edib ki, çex xalqı ukraynalıların indi yaşadıqları hissləri başa düşür.

Fialanın sözlərinə görə, 1968-ci ildə “dost” ölkələrin hərbi texnikası ölkədə demokratik islahatlar prosesini dayandırıb. Məhz buna görədir ki, fevralın 24-dən sonra Çexiya Ukrayna xalqına dərman və tibbi avadanlıq, nəqliyyat vasitələri, eləcə də hərbi texnika göndərərək yardım göstərməyə başlayıb.

Baş nazir bildirib ki, respublika hökuməti Kiyevə həm uzunmüddətli, həm də qısamüddətli yardıma ehtiyac olduğunu digər dövlətlərə daim xatırlatmaq üçün Avropa İttifaqının sədri kimi öz mövqeyindən istifadə etmək niyyətindədir.

Nazirlər Kabinetinin rəhbəri həmçinin qeyd edib ki, Ukrayna ilə müharibədən sonra şəhər və kəndlərin yenilənməsi ilə bağlı müzakirələr aparılır. Söhbət məktəblərin və xəstəxanaların, mülki obyektlərin təmirindən gedir.

Fiala onu da xatırladıb ki, Çexiya ukraynalı qaçqınların qəbul sayına görə bütün ölkələr arasında liderdir. Belə ki, 415 mindən çox Ukrayna vətəndaşı bir il müddətinə viza alıb ki, bu da onlara tibbi və sosial sığorta, məşğulluq və təhsil hüququ verir. Onu da qeyd edək ki, Ukraynadan olan 105 mindən artıq qaçqın artıq Çexiyada işlə təmin olunub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə