Avropadan Ukraynaya hərbi dəstək azalır?

Avropa İttifaqı ölkələri Rusiyanın respublika ərazisində hərbi xüsusi əməliyyatının davam etməsinə baxmayaraq, Ukraynaya hərbi yardımı ardıcıl olaraq azaldır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəbəri “Politico” yayımlayıb.

Almaniyada yerləşən Kiel Dünya İqtisadiyyatı İnstitutunun hesabatına görə, Avropadan Kiyevə hərbi dəstək aprel ayından azalmağa başlayaraq artıq iyulda Avropa İttifaqı ölkələri Ukrayna tərəfinə ümumiyyətlə yeni hərbi vədlər verməyiblər.

Hesabatda o da qeyd edilir ki, bütün iyul ayı ərzində altı aparıcı Avropa dövləti Ukraynaya heç bir yeni öhdəlik təklif etməyib. Etiraf edək ki, bu Rusiyanın xüsusi əməliyyatı başlayandan bəri ilk dəfədir.

Nəşrin yazdığına görə, bu, qismən Fransa və Almaniyanın müqaviməti ilə bağlıdır.

Amma buna baxmayaraq, avqust ayında avropalılar Ukraynaya 1,5 milyard avro məbləğində hərbi yardım etməyi öhdələrinə götürüblər ki, ekspertlər isə bu rəqəmi Avropanın keçmiş vədləri ilə müqayisədə çox cüzi adlandırırlar.

...Bunları yazan “Politico” Ukraynaya ABŞ və Böyük Britaniyadan gələn dəstəyin davam etdiyini isə təsdiqləyir.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərbi Kiyevin uğursuzluğunu gözləməkdə günahlandırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə