Putinin ABŞ-a qarşı əsas hərbi silahı

Putinin ABŞ-a qarşı əsas hərbi silahı

...Rusiya prezidenti Vladimir Putin ABŞ-a hərbi kozırını göstərib və onun mesajı amerikalıları əsəbiləşdirməkdədir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “PolitRussia” Çinin “Baijiahao” nəşrinə istinadən yazır.

Söhbət Çində Moskvanın ABŞ-a qarşı əsas kozır adlandırılan Rusiyanın hipersəsli “Zirkon” raketindən gedir. Müəllif yazır: “Rusiya “qılınc” göstərdi, Putin isə birbaşa öz kozırını – “Zirkon” hipersəs qanadlı raketini “qığından çıxartdı”. Çinli jurnalistlərin fikrincə, hipersəs raketi Rusiya ordusunun dünyada analoqu olmayan “qatil” silahıdır. Onlar xatırladıblar ki, hələ heç bir ordu 9 Maxa qədər sürətlə uçan raketi ələ keçirə biləcək sistemlər hazırlamayıb.

Qeyd edək ki, “Zirkon”un uçuş məsafəsi min kilometrdir. Çinli ekspertlərin fikrincə, Rusiya hərbçiləri ABŞ sahillərindən 400 kilometr aralıda neytral sularda raketlə təchiz olunmuş sualtı qayıqları yerləşdirsələr, “Zirkon” asanlıqla Amerika paytaxtına çatacaq.

Nəşr onu da qeyd edib ki, Vaşinqtona zərbə endirmək və obyektləri məhv etmək cəmi dörd dəqiqə çəkəcək.

Xatırladaq ki, bundan əvvəl Putinin “Zirkon” hipersəs raket sistemlərinin Rusiya ordusuna tezliklə çatdırılması ilə bağlı çıxışı bütün Böyük Britaniyada çaxnaşma yaratmışdı. İyulun 31-də Sankt-Peterburqda çıxış edən Rusiya lideri yaxın aylarda Rusiya Silahlı Qüvvələrinə hipersəs raket sistemlərinin çatdırılacağını bəyan edib.

Onu da qeyd edək ki, “möhtəşəm silah”la döyüş vəzifəsini yerinə yetirən ilk gəmi “Admiral Qorşkov” freqatı ola bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə