Ermənistanda "su pulu" qaldırılır...

Ermənistanın su təchizatı sisteminin vahid operatoru “Veolia Jur” su tarifinin 1 kubmetrə görə təxminən 9 dram artırılması üçün Kommunal Təsərrüfatların Tənzimlənməsi Komissiyasına müraciət etmək niyyətindədir.

Erməni saytların yazdığına görə, şirkətin tarifləri qaldırmağı təklif etməsinin əsas səbəbi ötən il kifayət qədər yüksək olan inflyasiya ilə bağlıdır. Ehtimal olunan qiymət artımı bir ailənin orta xərclərini ayda 170 dram artıra bilər.

... Bir də bundan əlavə, fransız şirkəti olan “Veolia Jur” Fransadan Ermənistan təkcə “qoz alıb, qoz satmağa gəlməyib ki...”, yəni demək istəyirəm bu “binəvalar” da bir şey qazanmalıdırlar, ya-yox?

Qeyd edək ki, 2017-ci il yanvarın 1-dən bütün respublika üzrə vahid suyun tarifi müəyyən edilib və İrəvan sakinləri üçün ƏDV nəzərə alınmaqla 1 kubmetr suya görə 170,256 dramdan 180 dram-a qaldırılıb.

Prosesin iştirakçıları Ermənistan Respublikası vətəndaşlarını əmin etməyə tələsdilər ki, bu artım guya onların şəxsi maraqlarından irəli gəlir, çünki vəsait sistemin təkmilləşdirilməsinə və xidmət şəbəkəsinin genişləndirilməsinə sərf olunacaq.

Beləliklə, tenderin nəticələri elan edildikdən sonra şirkət 3 amil əsasında - elektrik enerjisi tarifindən, inflyasiya tempindən, eləcə də su təchizatı sektorunda pərakəndə tədarükün həcmindən asılı olaraq düzəliş edilən 15 il üçün baza tariflərini təqdim edib.

Xatırladaq ki, Ermənistanda sonuncu dəfə suyun tarifi 2022-ci il yanvarın 1-dən etibarən təxminən 20 dram artırılaraq 1 kubmetr üçün 200,47 dram (ƏDV daxil) olub. Etiraf edək ki, həmən vaxt əhalinin sosial cəhətdən həssas təbəqələri üçün mövcud tarif 180 dram səviyyəsində saxlanılmışdı.

Bu gün isə “Veolia Jur” 209 dram (təxminən 50 sent) vahid tarif təyin etməyi təklif edir. Deyim ki, şirkət qiymət artımına əsas gətirirərək Ermənistanın istehlak bazarında inflyasiyanın 2022-ci ilin birinci yarısında 8,1 faizə qədər sürətləndiyini deyir. Təbii ki, bura elektrik enerjisi tarifinin orta hesabla 4,7 dram artımı da daxil edilməlidir.

Məhz bu mənada…məncə “qoz alıb, qoz satmağı” xatırlamağa ehtiyac görmürəm.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə