Ermənistan Xəzərdəki İran limanlarında mal daşıyacaq?

Onun dediyinə görə, əgər o vaxt İran bizə göstərdiyi hərbi yardımı bir neçə gün də gecikdirsəydi, biz artıq təslim olmağa hazırlaşırdıq
Ermənistan Xəzərdəki İran limanlarında mal daşıyacaq?

...Əvvəla xatırladım ki, İranda sakinlərə verilən pasportlarda onların milliyyəti göstərilmir. Belə ki, İranda yaşayan bütün millətlərin nümayəndələrinin pasportlarındakı milliyyəti qrafasında, sadəcə olaraq iranlı göstərilir. Ona görə də, bu ölkədəki etnik xalqların sayını hesablamaq bir az çətinlik törədir.

Deyim ki, İranın Konstitusiyasında bu ölkədə yaşayan bütün etnik qrupların eyni hüquqa malik olduqları deyilir. İnanın, adamın “müsəlman ölkəsindəki” bu humanizmə lap “həsəd aparmağı” gəlir. Çünki, yenə də deyilənə görə, guya bu ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil ala bilərlər... və ümumiyyətlə farslara məxsus bütün imtiyazlardan yararlana bilərlər.

Əslinə qalsa, İranda yaşayan etniklərin sayı elə də çox deyil. Yenə də deyilənə görə, İranda say hesabı ilə təqribən 10 milyona qədər kürd, 6 milyon bəluç, 1,6 milyona yaxın ərəb və 100 mindən bir az artıq erməni yaşayır.

Qeyd edim ki, mən İranda yaşayan azərbaycanlıların sayını göstərməkdə bir az çətinlik çəkirəm. Çünki əslində onlar etnik qrup yox, yerli xalqdırlar və bunu gözəl başa düşən farslar hər vəhclə azərbaycanlıların sayını az göstərməyə çalışırlar. Hətta deyim ki, onlar bu istiqamətdə ermənilərin xidmətindən də yararlanmağa çalışırlar.

Nümunə üçün deyim ki, o gün erməni saytlarından birinə danışan erməni iranşünas İranda yaşayan azərbaycanlıların heç 10 milyona çatmadıqlarını bildirirdi.

Əslində, etiraf edək ki, bu elə də böyük önəm kəsb etmir. Çünki qeyri-rəsmi olaraq sayı 40 milyona yaxın deyilən azərbaycanlılar, bu gün 100 mindən bir az artıq erməninin İranda əldə etdiklərinin bir faizini belə əldə edə bilməyiblər.

Baxın, bu gün İranda təkcə ermənilər uşaq bağçasından tutmuş universitetədək öz ana dillərində təhsil ala bilərlər. Alkoqollu içkilərin qadağan edildiyi İranda təkcə ermənilər içki içə bilərlər, çünki onlara yasaq yoxdur. Onlar üçün alkoqollu içkilərin hətta açıq satış belə məvcuddur. Özü də Tehranın lap mərkəzindəki erməni restoranında...

Onu da bildirim ki, İran hələ o vaxt Birinci Qarabağ döyüşlərində İrana ən böyük dəstək verənlərdən olub.

Qeyd edim ki, bunu sonradan ermənilərin birinci prezidenri Levon Ter-Petrosyan da etiraf etmişdi. Onun dediyinə görə, əgər o vaxt İran bizə göstərdiyi hərbi yardımı bir neçə gün də gecikdirsəydi, biz artıq təslim olmağa hazırlaşırdıq.

Deyim ki, İranın Ermənistana yardımları elə bu gün də davam edir. Deməli, ötən gün İranın Ticarətin Təşviqi Təşkilatının rəhbəri Əlireza Peymanpak İranın Ermənistanla ticarət əlaqələrindən danışarkən, İrandan bu ölkəyə 2,3 milyard dollarlıq texniki xidmətlər ixrac edildiyini bildirib. Bununla yanaşı, o texniki xidmətlərin ixracının əvvəlki illə müqayisədə 8 milyard dollara çatacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü kimi guya xarici ticarəti genişləndirmək üçün hədəfdir.

Peymanpak daha sonra Tehran və İrəvan sənaye, mədənçıxarma, birgə sənaye klasterləri və texniki xidmətlər ixracının inkişafı kimi sahələrdə əlaqələri gücləndirmək barədə razılığa gəldiklərini bildirib. Tərəflər üçüncü ölkələrlə ticarət əlaqələrini genişləndirmək üçün də əməkdaşlığı gücləndirmək qərarına gəliblər.

Qeyd edək ki, Peymanpak jurnalistlər qarşısına çıxmazdan əvvəl İran-Ermənistan müştərək işçi qrupunun iclasında da iştirak edib. O, Tehran və İrəvanın Rusiya ilə əməkdaşlıq çərçivəsində tikinti materialları və ərzaq tədarük zəncirlərinin yaradılmasına dair sazişlər imzalaını da bildirib. Bunula yanaşı, bank sektoru, mədənçıxarma, yol tikintisi və ixrac sahələrində əlaqələri gücləndirmək barədə də razılığa gəliblər.

Deyilənə görə, bu müqavilələr yaxın həftələrdə imzalanacaq.

Onu da bildirək ki, iclasda iştirak edən Ermənistan iqtisadiyyat nazirinin müavini İran və Ermənistanın bu ilin son 5 ayında ticarət dövriyyəsinin 245 milyona çatdığını, lakin bu rəqəmləri qeyri-qənaətbəxş hesab etdiyini bildirib. O, Sisian yolunun tikintisində İran şirkətlərinin olmasını alqışlayıb və bildirib ki, Ermənistan öz mallarını, o cümlədən Rusiyaya daşımaq üçün Xəzər dənizindəki İran limanlarından istifadə etməyə hazırdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə