Əslində, bunu təkcə ermənilərə şamil etmək, bəlkə də haqsızlıq olardı. Çünki bu gün işsizlık təkcə Ermənistanda deyil, dünyanın hətta ən inkişaf etmiş ölkələrində belə müşahidə edilməkdədir.
Amma həmən ölkələrdə, hazırkı Ermənistan rəhbərliyindən fərqli olaraq, hər dəfə ölkə əhalisinə yeni iş yerlərinin açılması ilə bağlı yalan xəbərlər vermirlər.
Bu gün ermənilərin dediyinə görə, hazırda hökumət nümayəndələri, xüsusən də Paşinyan, hər dəfə iş yerləri ilə bağlı yeni rekordlar barədə danışanda, nədənsə, bu eyni iş yerlərinin nəinki açılmağa, hətta bağlanmağa meylli olduğunu aydınlaşdırmağı unudur.
Məsələn, Ermənistan Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci rübündə Ermənistanda işləyənlərin sayı ötən ilin sonu ilə müqayisədə xeyli azalıb. Belə ki, 2021-ci ilin dördüncü rübündə ölkədə işləyənlərin ümumi sayı 1 milyon 93 min idisə, 2022-ci ilin birinci rübündə bu rəqəm 1 milyon 70 min nəfər olub.
Bu ərəfədə rəsmi qeydiyyatda olan işsizlərin sayı da 5 minə yaxın artıb.
Yeri gəlmişkən, Statistika Komitəsi bu ərəfədə bütün bunlarla yanaşı, ölkədə ödənişsiz əmək təcrübəsi prosesinə cəlb olunanların sayının da artdığını etiraf edir.
Beləliklə, əgər ötən ilin əvvəlində məşğul əhali arasında 800 nəfərin maaşı ödənilmirdisə, bu ilin əvvəlində bu rəqəm 2900 nəfərə qədər yüksəlib.
Təbii ki, burada yeni iş yerlərinin açılmasından ümumiyyətlə danışmağa ehtiyac yoxdur. İnsanlar sadəcə, deyək ki, öz bağlarında özləri üçün tərəvəz və ya meyvə yetişdirirlər. Ermənilər bildirirlər ki, il ərzində belə vətəndaşların sayı kəskin şəkildə artıb ki, bu da bəlkə əhalinin gəlirlərinin aşağı düşməsi baxımından nəzərə alınmalıdır.
...Amma hökumət öz ampulasındadır.
Elə bu yaxınlarda Nikol Paşinyan növbəti dəfə bu mövzu üzərində dayanaraq, bu ilin may ayında ötən ilin may ayı ilə müqayisədə on mindən çox yeni iş yerlərinin açıldığını dedi. Təbii ki, Nikol, bəlkə də, doğru deyir. On min də olmasa, hər halda bəzi yerlərdə az da olsa işə götürülənlər olub, amma həmən işə götürülənlərdən artığını da ixtisara salıblar, yəni bəzi iş yerləri qapadılıb. Özü də açılandan xeyli çox.
Deyim ki, mən bunu havadan demirəm. Rəsmi dövlət qurumu, Ermənistan Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərə əsaslanııram. Buyurun, diqqət yetirin “...bütün ötən il ərzində iş yerlərinin ixtisar edilməsinin ümumi sayı 49500 olub”. Bunu rəsmi dövlət qurumu bəyan edir.
Ermənilər bir də onu deyirlər ki, Nikol, adətən danışanda yeni açılan iş yelərinin “qırdığı rekorddan” danışır, o biri rekord, yəni ixtisarlar artıq Nikolluq deyil.
...Gərək ki, həmən dövrü yaşayanların yadında olar: o vaxt Paşinyan hakimiyyətə gələndə ölkədə 125 min yeni iş yeri açacağına söz vermişdi. Amma nə qədər iş yeri qapadacağını deməmişdi. Yenə də mən Sizə Ermənistan Statistika Komitəsindən əldə olunan faktlara diqqət yetirməyinizi istəyəcəm.
Beləliklə, 2018-ci ildə Ermənistanda məşğul əhalinin sayı 1 milyon 248 min nəfər, bu ilin birinci rübündə isə 1 milyon 70 min nəfər olub. Yəni, 4 il ərzində işlə təmin olunanların sayı demək olar ki, 178 min nəfər azalıb.
...Onu necə deyirlər...yaxşı, yumurta...cəhənnəm, bəs fala hanı?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB