...Kül başına, ay Hitler, gör üstünə...yox, deyəsən, burada yerinə düşmür,.. hə, onda gəlin davam edəyin...
Deməli, Robert Koçaryan hakimiyyətə qayıtmaq ümidinin müəyyən hissəsini “itirsə də”, amma vaxtilə Robertin ətrafında sülənənlər, deyəsən, onun nə vaxtsa yenidən hakimiyyətə qayıdacaqlarına ümidlərini hələ də itirməyiblər. Niyə, çünki itirsəydilər, “sadə ermənilərə” gündə “ləyən dolusu” yalan satmazdılar.
Budur, o gün Koçaryanın “sadiq silahdaş”larından biri olan Aram Vardevanyan yenə “sadə ermənilərə” Robertin xalqa verdiyi vədlərinə ötəri yanaşmamağı məsləhət bilib. Onun dediyinə görə, əgər Koçaryan bu gün Ermənistandakı vəziyyətin əbədi olmadığını və hakimiyyətə gələcəyi təqdirdə xalqı bu vəziyyətdən qurtaracağını deyirsə, deməli ona inanmaq lazımdır.
Burada Aram Vardevanyan “sadə ermənilərə” bir şeyi də xatırladır ki, hazırda Koçaryan tərəfdarlarını revanşist adlandıran Nikol hakimiyyətindən daha çox, guya Türkiyə və Azərbaycan Robertin hakimiyyə qayıdışından çox narahatdır.
...Hə, mənə elə gəlir ki, burada “kül başına, ay Hitler” ifadəsini işlətmək olar.
Gəlin, görək, dediyimiz o “sadə ermənilərə” bununla bağlı özləri nə deyirlər.
Belə ki, “sadə ermənilər” ilk olaraq Robert və Serjikin hələ də onları axmaqlar kimi qəbul etdiklərini etiraf edirlər.
Gərək ki, yadınızda olar, o vaxt Koçaryan öz seçki kampaniyası zamanı hakimiyyətə gələn kimi, Şuşa və Xocavəndi "geri alacağına" söz vermişdi.
...İndi bu “sadə ermənilər” Koçaryana sual edirlər: sən, Robert elə düşünürsən ki, biz sənin yalan vədlərinə boyun əyərək, gəlib “qaldırmaq istədiyin bayraq” altındamı dayanacağıq? Əgər, bu gün sən belə düşünürsənsə, deməli yazıq adamsan, cünki səndən fərqli olaraq, “sadə ermənilər” axmaq deyil və hər şeyi başa düşürlər.
Bir də,..deyək ki, sabah Nikolu “yıxıb” hakimiyyətə gəldin, sual olunur, artsaxı hansı güclə, hansı ordu ilə “geri” alacaqsan? Axı, vaxtilə elə sənin də “dünyaya” “məğlubedilməz” kimi sırıdığın “erməni ordusu” sonradan “fifalo”dan başqa bir şey olmadı. Məhz elə sənin də rəhbərliyin altında formalaşan “məğlubedilməz”lərin yarıdan çoxu sonradan “dezertir” çıxdı.
...Və nəhayət, bu gün hakimiyyətə gələcəyin təqdirdə Ermənistanda “xarüqələr yaradacağından”, ikirəqəmli iqtisadi artıma “vüsət” verəcəyindən, yoxsulluğu azaldacağından, insanların həyat keyfiyyətinin yaxşılaşdıracağından danışırsan... amma, bunu da yalan danışırsan. Özü də, lap gözünün içinə qədər.
Cünki “sadə ermənilər” demiş “...biz 10 il Robertin rəhbərliyi altında yaşayıb həyatın bütün “cazibələrini” dadmışıq. Bu gün “sadə ermənilər”in heç biri o günlərə qayıtmaq istəməz”.
...Hə, indi deyirsiniz, Robert bundan sonra hakimiyyəti ələ keçirmək arzusundan vaz keçəcək..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB