AİHM Yunanıstanı mühacirləri ölümə göndərməkdə təqsirli bilib

AİHM Yunanıstanı mühacirləri ölümə göndərməkdə təqsirli bilib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Yunanıstan təhlükəsizlik qüvvələrinin mühacirləri daşıyan qayığı itələməsi nəticəsində Egey dənizində 11 nəfərin boğulması ilə bağlı Yunanıstanın Avropa İnsan Haqları Konvensiyasının 2 və 3-cü maddələrini pozduğuna qərar verib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

AİHM-dən verilən yazılı açıqlamaya görə, məhkəmə Yunanıstan təhlükəsizlik qüvvələrinin hərəkətlərinin mühacirlərin yaşamaq hüququnu və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsini pozduğuna qərar verib.

Hadisənin araşdırılması zamanı ifadələri alan məmurların mühacirlərin dilini bilmədiklərindən ifadələrin və qeydə alınan sözlərin ziddiyyət təşkil etdiyi məlum olub.
Məhkəmə Yunanıstan təhlükəsizlik qüvvələrinin mühacirlərə xilasedici jiletlər vermədiyini, onları qayıqdan çıxarmaq üçün daha böyük qayıq çağırmadığını və hadisənin gecikmə ilə səlahiyyətlilərə bildirildiyini müəyyən edib.

Sağ qalan mühacirlərin bir çox mühafizəçinin qarşısında açıq yerdə soyunmağa məcbur edildiyinə diqqət çəkən məhkəmə mühacirlərin də insani rəftar hüquqlarının da pozulduğunu bildirib.

Məhkəmə həmçinin bildirib ki, sağ qalan miqrantlar gəmidən endiriləndən sonra pis rəftar qadağası da pozulub.

Digər tərəfdən, məhkəmə Yunanıstan təhlükəsizlik qüvvələrinin insidentdə yol verdiyi pozuntulara görə Yunanıstan səlahiyyətlilərinə ümumi 330 min avro təzminat cəzası verib.

20 yanvar 2014-cü ildə Yunanıstan sahil mühafizə dəstələri Əfqanıstan, Suriya və Fələstindən olan mühacirlərin olduğu qayığa müdaxilə edib.

Yunan səlahiyyətliləri qayığın miqrantların hərəkəti nəticəsində batdığını izah edərkən, hadisəyə şahid olan bir mühacir qayığı çəkən qayığın çox sürətli olduğunu və çəkmə ipinin qısa olduğunu, yunan qüvvələrinin ipi kəsdiyi zaman qayığın batdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə