Türkmənistanda beynəlxalq nəqliyyat forumu keçiriləcək

İyulun 18-19-da Türkmənistanın paytaxtı Aşqabadda nəqliyyat-tranzit dəhlizlərinin inkişafı və onların qarşılıqlı əlaqəsinə dair beynəlxalq forum keçiriləcək. SİA xəbər verir ki, forumun məqsədi postpandemiya dövründə beynəlxalq daşımaların bərpası və onların yeni reallıqlara uyğunlaşdırılması, səmərəli nəqliyyat və tranzit dəhlizlərinin daha da inkişaf etdirilməsi ilə bağlı aktual məsələlərin müzakirə edilməsi, həmçinin Türkmənistanın dövlət strukturları, beynəlxalq təşkilatlar və iri logistika şirkətləri arasında əməkdaşlığın gücləndirilməsidir.

Konfransda iştirak etmək və forum çərçivəsində işgüzar görüşlər keçirmək beynəlxalq daşımalar sahəsində investisiya imkanlarına daha yaxından diqqət yetirməyə və uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini nəzərdən keçirməyə imkan verəcək.

Beynəlxalq forumda Türkmənistan hökumətinin nümayəndələrinin, yerli və beynəlxalq nəqliyyat şirkətlərinin, logistika təşkilatlarının və maliyyə institutlarının rəhbərlərinin iştirakı planlaşdırılır.

Qeyd edək ki, Türkmənistan Dubay-Aşqabad-Dubay marşrutu üzrə çarter reysi təşkil etməyi planlaşdırır. Bu da xarici mütəxəssislərin konfransda iştirakına imkan yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə