Pakistan Hindistana reaksiya verdi və bu planı “gülünc” adlandırdı

NDTV kanalı xəbərində rəsmi Yeni Delhinin 2023-cü ildə G20 toplantılarını Cammu Kəşmirdə keçirməyi planlaşdırdığı və Hindistan Xarici İşlər Nazirliyinin bölgədəki müvafiq qurumlara lazımi hazırlıqların görülməsi üçün göstəriş verdiyi bildirilib

Pakistan Xarici İşlər Nazirliyi Hindistanın 2023-cü ildə G20 toplantılarını Cammu Kəşmirdə keçirmək planına reaksiya verərək bunu qəbul etməyəcəklərini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Nazirlikdən verilən açıqlamada Hindistanın G20 toplantılarını Cammu Kəşmirdə keçirəcəyi ilə bağlı bəzi xəbərlərə diqqət çəkilərək deyilib: “Cammu Kəşmir beynəlxalq səviyyədə Pakistan və Hindistan arasında mübahisəli bölgə olaraq qalır. Hindistanın belə bir təklifi qəbuledilməzdir.

1947-ci ildən Cammu Kəşmir Hindistanın qeyri-qanuni işğalı altındadır.

Müzakirələri 70 ildən artıqdır ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) gündəmində olan Cammu Kəşmirdə G20 görüşlərinin planlaşdırılması beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəraitdə qəbul edilməyəcək və gülünc vəziyyət yaranacaq”.

Xatırladaq ki, NDTV kanalında yayımlanan xəbərdə rəsmi Yeni Delhinin 2023-cü ildə G20 toplantılarını Cammu Kəşmirdə keçirməyi planlaşdırdığı və Hindistan Xarici İşlər Nazirliyinin bölgədəki müvafiq qurumlara lazımi hazırlıqların görülməsi üçün göstəriş verdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə