“Cəhənnəmə gedən yoldaş sorağında..?”

Bu gün Rusiyada yaşayan hər beşinci rusun maaşı... hətta yeməyə belə çatmır

Rusların yarıdan çoxu, yəni 59 faizi aylıq maaşları ilə ancaq ərzaq və ən zəruri əşyaları ala bilirlər, qalanlarına isə onların pulları çatmır.

SİA-nın əldə etdiyi məlumata görə, bu qənaətə "Komsomolskaya pravda” nəşri sosial şəbəkələrdə 14,8 min nəfərin iştirak etdiyi sorğunun nəticələrinə əsasən gəlib.

Bundan əlavə, sorğuda iştirak edən rusların 21 faizi (təxminən beşdə biri) yeməyə kifayət qədər pullarının olmadığını, buna görə də ödəmək üçün borc götürməli olduqlarını bildiriblər. Başqa maraqlı bir nüans: rəyi soruşulan rus qadınlardan bəziləri hətta ictimai nəqliyyata pulu olmadığı üçün piyada getməli olduğunu, digərləri isə kosmetika ala bilməməsindən şikayətləndiyini etiraf ediblər.

Hər ay paltar, ayaqqabı və ya məişət texnikası alan respondentlərin yalnız 4 faizi maaşı ilə yaxşı yaşayır. Respondentlərin yalnız 3 faizi nəyəsə (tətil, təmir, böyük alışlar) qənaət edə bilir. 2 faizi kreditə girmədən maşın və ya mənzil almağa hazırdır.

Qeyd edək ki, bir müddət bundan əvvəl “Rosstat” ölkədəki inflyasiya və ərzaq qiymətlərindəki azalma barədə məlumatlar tirajlamışdı, amma sonradan “daş atıb başlarını tutan” sadə ruslar belə bir şey hiss etmədiklərinə and-aman edirdilər.
Yeri gəlmişkən, 2021-ci ilin üçüncü rübündə gəlirləri yoxsulluq həddindən aşağı olan rusların sayı 2,8 milyon nəfər azaldığını bəyan edən həmən bu “Rosstat” hazırda ölkə əhalisinin təqribən 17,6 milyondan çoxunun yoxsulluq həddində yaşadığını etiraf etmişdi.

Təsəvvür edin, ucu-bucağı görünməyən geniş ərazisi, tükənməyən yeraltı, yerüstü sərvətə malik bir ölkənin elə də böyük olmayan, yəni 140 miyonluq əhalisinin təqribən 20 faizi bu gün ac və yalavac yaşayır.

Dəqiq yadımdadır, ötən ilin sonlarında Rusiya Hesablamalar Palatasının sədri Aleksey Kudrin ölkədəki “tərəqqidən”, bəzi regionlarda yoxsulluq səviyyəsinin artıq azalaraq 20 faizə endiyi barədə prezident Putinə hesabat verərkən, ölkə başçısı yoxsulluq həddində yaşayan rusların sayını 2030-cu ilə qədər indikindən demək olar ki, iki dəfə, yəni 6,5 faizə endirmək barədə planlarını açıqlamışdı.

Qeyd edim ki, həmən ərəfədə nə Ukrayna ilə müharibə vardı, nə də Rusiyaya qarşı tətbiq edilən sanksiyalar.

Maraqlıdır, görən, bu gün Vladimir Vladimiroviç Rusiyadakı yoxsulluq səviyyəsini aşağı endirəcəyi ilə bağlı dediklərinə əməl edə biləcəkmi? Məncə, elə də inandırıcı görünmür.

...Və sonda, bu gün Putinin tam olmasa da, hər halda bəzi ölkələri tərkibinə qatıb yenidən “SSRİ-ni bərpa etməyə çalışdığı barədə bəzi şaiyələrə hələ də dolaşmaqdadır. Sual olunur, bu qədər yeraltı, yerüstü sərvətə malik bir ölkə üçün bir ovuc görünən xalqı (təbii ki, Çinlə, Hindistanla müqayisədə-A.B.) ac-yalavac yaşamağa məcbur edən dövlət rəhbərliyi “tərkibinə qatmağa çalışdığı” dövlətlərə nə verə bilər axı?

...Əslində bu ölkənin oyunları, “cəhənnəmə gedənin özünə yoldaş axtarması” məsəlinə bənzəyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə