“Aşqa-aşqa, Rusiyadan başqa...”

Bu gün ruslar heç kimin torpağında “zərrəcə” də olsa gözləri olmadıqlarını, sadəcə olaraq, I Pyotrın vəsiyyətlərinə “əməl etdiklərini” deyirlər
“Aşqa-aşqa, Rusiyadan başqa...”

...Bu arada Polşanın keçmiş xarici işlər naziri və hazırkı Avropa Parlamentinin deputatı Radoslav Sikorski Rusiyanın Budapeşt Memorandumunun müddəalarını pozduğu üçün Qərb ölkələrinin Ukraynaya nüvə silahı “hədiyyə etmək” hüququ olduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “RBC” xəbər verir ki, Sikorski bu barədə “Espresso” telekanalının efirindən danışarkən bildirib.

...Gərək ki, biz bir müddət bundan da əvvəl xatırlatmışdıq. Belə ki, 1994-cü ildə Budapeşt Memorandumu imzalanandan sonra Ukrayna öz nüvə potensialından imtina etdi.

Yeri gəlmişkən bu gün ruslar və “onlara bəzərlər” hələ də guya bunun zəmanət olmadığını deyirlər. Amma o zaman çoxları başa düşürdü ki, Ukrayna bunun müqabilində sovet dövründə müəyyən edilmiş sərhədlər daxilində müstəqil bir ölkə olmaq istəyir. Amma...

Bu gün heç kimin torpağında “zərrəcə” də olsa gözləri olmadıqlarını, sadəcə olaraq, I Pyotrın vəsiyyətlərinə “əməl edərək” qədim rus torpaqlarını geri qaytarmağa çalışdıqlarını deyən ruslar, belə görünür ki, “burunları ovulmayına qədər,.. dayanmayacaqlar. Təbii ki, bunu hələ əvvəlki Ukrayna rəhbərləri də yaxşı anlayırdılar. Bu ölkənin 1994-cü ildə Budapeştdə nüvə potensialından imtina etməsi də Rusiyanın bu ölkəyə hücum etməyəcəyinin zəmanəti kimi qəbul edilmişdi.

Amma kimə deyəsən? Özünün genis, istifadəsiz əraziləri ola-ola rusların gözü yenə də, özgə torpaqlarındadır.

Qeyd edim ki, əslində burada “özünün genis, istifadəsiz əraziləri” demək də yerinə düşmür. Çünki bu ərazilərin əksəriyyəti qeyri-qanuni, başqa xalqlardan zəbt edilmiş torpaqlardır.

...Yadınıza salım, rus ataman Yermak Timofeyeviçi. Onun rus qəsbkarları ulə birgə 1581-ci ildə Uralı keçib istila etdiyi torpaqlarda o vaxt azsaylı türkdilli xalqlar yaşayırdı. Həmən vaxt olduğu kimi, elə indi də bu ərazilər tükənməz təbii sərvətlərlə zəngindir.

Ruslar bu gün “vəsiyyət” deyirlər, amma “unudurlar” ki, bu gün vəsiyyətinə “əməl elədikləri” I Pyotrın bu torpaqlarla heç bir əlaqəsi olmayıb. Belə ki, o, sonradan gəlib, “nazir olanlardandı”...

...Və yaxud, bir müddət bundan əvvəl “köhnə bolşevik” olmuş Vyaçeslav Molotovun nəvəsi, Vyaçeslav Nikonovun “tülkü təbəssümü ilə” Qazaxıstan ərazisini “qədim rus torpağı” adlandırması, təbii ki, rusların gələcək qaranlıq nüanslarından xəbər verir.

Əslində, mən burada belə nümunələrin sayını istənilən qədər artıra bilərəm, amma...

...Bu günlərdə rus səlahiyyətlilərdən biri hazırda Rusiyanın 2 milyondan çox işçiyə ehtiyacı olduğunu etiraf etdi. Təbii sərvətlərlə zəngin, böyük ərazi və onu idarə edə bilməyən naşı idarəçilər...

Amma buna baxmayaraq, qonşu torpaqlarını “min bir oyunla” istila etmək “yanqısı” da öz yerində.

Yeri gəlmişkən, Budapeşt Memorandumu 5 dekabr 1994-cü ildə Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ tərəfindən imzalanıb. Sənəd Ukraynanın nüvə silahından imtinası müqabilində onun təhlükəsizliyinə zəmanət verirdi. İmzalanan ölkələr Ukraynanın müstəqilliyinə, suverenliyinə və sərhədlərinə hörmətlə yanaşacaq, onun ərazi bütövlüyünə təhdidlərdən çəkinəcəkdilərlər, amma...

...bizdə ona necə deyirlər, “aşqa-aşqa, Rusiyadan başqa...”

P.S. ...O vaxt, gərək ki, 1739-1740-cı illərdə Hindistana yürüş edən Nadir şah Əfşar Şimalı Qafqazda ruslar üçün qırmızı xətt çəkərək xəbərdarlığını da etmişdi: ayağını bu yana atanın ayaqları sındırılacaq...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə