"Çörək bol olarsa, basılmaz Vətən..?"

Bu gün dünya dövlətləri arasındakı xarici ticarətdə buğdanın ümumi həcmi 184 milyon tonu ötməkdədir
"Çörək bol olarsa, basılmaz Vətən..?"

Dünya bazarında, dünyanın ikinci ən böyük buğda istehsalçısı olan Hindistanın ixracına qoyduğu qadağa, çox güman ki, Ukraynadakı müharibənin səbəb olduğu qiymətlərin daha da artmasına səbəb ola bilər.

Bu arada verilən məlumata görə, artıq altıdan çox ölkə qarşıdakl aylarda ehtimal olunan qıtlığı aradan qaldırmaq üçün Hindistandan 1,5 milyon tondan çox buğda istəyiblər.

Maraqlıdır, deyilənlərə görə, Hindistan, taxıl ixracatına qadağa qoysa da, amma həssas ölkələrə və buğdaya ehtiyacı olan hər kəsə kömək etmək niyyətində olduğunu gizlətməyib.

Amma yenə də maraqlıdır ki, əgər Hindistan, doğrudan da belə humanistlik edəcəkdisə, bəs onda niyə bir müddət bundan əvvəl buğda ixracına qadağa qoyub?

Qeyd edək ki, Hindistan hökuməti hələ mayın 14-də dərc olunan bəyanatında bu qərarın daxili bazarda bahalaşmanın qarşısını almaq üçün nəzərdə tutulduğunu bildirmişdi. Bununla yanaşı, Yeni Dehli bütün mövcud təchizat müqavilələrinin yerinə yetirə biləcəyini də istisna etməmişdi.

Bundan əlavə, çatdırılma Hindistan hökuməti tərəfindən digər ölkələrə onların ərzaq təhlükəsizliyi ehtiyaclarını ödəmək və hökumətlərinin tələbi əsasında verilən icazə əsasında həyata keçiriləcək.

Bu arada qeyd edək ki, Hindistan hökuməti bu il 111 milyon tonu keçə biləcək taxıl məhsulu gözləyirdi. Lakin sonradan bu göstərici azaldılaraq 100 milyon tondan da aşağı endi. Amma buna baxmayaraq, elə bu göstərici də Hindistanı Çindən sonra dünyanın taxıl istehsalçısı kimi ikinci yerdə saxlayır. Maraqlıdır ki, əhalinin yoxsul təbəqələrini taxılla təmin etmək üçün Hindistan dövləti hər il məhsulun böyük hissəsini yerli istehsalçılardan alır.

Yeri gəlmişkən, verilən son məlumatlara görə, bu gün dünya dövlətləri arasındakı xarici ticarətdə buğdanın ümumi həcmi 184 milyon tonu ötməkdədir. Qeyd edilir ki, bu göstərici səkkiz il əvvəlki göstərici ilə müqayisədə 20 faiz çoxdur. Deyim ki, bu sahənin adamı olmadığımdan, mütəxəssilərin dediklərinə istinadən mən də bunu yaxşı hal olmadığını deyirəm.

...Və sonda,.. hələ mayın ortalarında Hindistanın taxıl ixracına qoyduğu qadağaya münasibət bildirən Almaniyanın Ərzaq və Kənd Təsərrüfatı naziri Cem Özdemir Yeni Dehlinin qərarını kəskin tənqid etmişdi. Almaniyalı nazir dünyanın ən böyük taxıl istehsalçılarından olan Hindistana xitabən böyük ixracatçı ölkələrin dünyanın qalan hissəsi üçün də məsuliyyət daşıdıqlarını onlara xatırlatmışdı.

Belə ki, G7-nin kənd təsərrüfatı nazirlərinin görüşündə prinsip etibarilə ixrac qadağalarına qarşı olduğunu bildirən Cem Özdemir bazarları açıq saxlamağa çağırış etmişdi.

...Amma belə görünür ki, Hindistana “etibar etmək olarmış”..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə