Rubl yoxdur...rus qazı da yoxdur!

Rubl  yoxdur...rus qazı da yoxdur!

Çərşənbə axşamı, mayın 31-də "Qazprom Export" Hollandiyadakı əsas tərəfdaşı, qaz treyderi “Gasterra” ilə müqavilə əsasında Rusiya qazının tədarükünü dayandırır. Buna səbəb Hollandiya şirkətinin apreldə təhvil verdiyi qazın pulunu ödəməməsi və rublla ödəniş etməkdən imtina etməsidir.

SİA bu barədə “rambler”ə istinad edir.

Bazar ertəsi "Qazprom İxrac" mayın 30-da iş gününün sonuna kimi Hollandiyadan apreldə qaz tədarükü üçün şirkətdən ödəniş almadığını bildirdi. Bu səbəbdən Rusiya holdinqi mayın 31-dən Rusiya Federasiyası Prezidentinin fərmanı ilə müəyyən edilmiş yeni ödəniş sxemi üzrə ödəniş həyata keçirilən ana qədər qazın nəqlinin dayandırılması barədə “Qasterra”nı xəbərdar edib.

Yeri gəlmişkən bildirək ki, “Gasterra” Hollandiyada qazın alqı-satqısı üzrə kommersiya fəaliyyəti ilə məşğul olan aparıcı enerji şirkətlərindən biridir. Gasterra-nın səhmlərinin 50 faizi dövlətə, 25 faizi isə “Shell” və “ExxonMobil” şirkətlərinə məxsusdur.

Beləliklə, Polşa, Bolqarıstan və Finlandiyanın ardınca Hollandiya tədarük haqqını rublla ödəməkdən imtina etdiyi üçün Rusiya təbii qazını almağı rəsmən dayandıracaq. Qeyd edək ki, “Qasterra” qərarını yeni sxem üzrə ödənişlərin Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların pozulmasına gətirib çıxara biləcəyi ilə əsaslandırıb.

Şirkət həmçinin tələb olunan ödəniş üsulu ilə bağlı həddindən çox maliyyə və əməliyyat riskləri olduğunu da gizlətməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə