“...Budapeştin mövqeyi yumşalmaq əvəzinə sərtləşir”

Macarıstan tərəfi ölkənin neft sənayesini bərpa etmək üçün ən azı 770 milyon avroya ehtiyacı olacağını deyir

...Nə qədər ki, Macarıstan bu tədbirə qarşı çıxmaqda davam edir, belə görünür ki, Avropa İttifaqının gələn həftə keçiriləcək sammitində də Rusiya neftinə embarqonu təsdiqləyəcəyi ehtimalı yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Ondan başlayaq ki, Macarıstanın baş naziri Viktor Orban hələ bir neçə həftə bundan əvvəl neft embarqosu ilə bağlı konsensusa nail olmaq üçün Avropa liderlərinin zirvə görüşünə ehtiyac olacağını bildirmişdi. İndi isə onun hökuməti ən azı gələn aya qədər heç bir irəliləyişin olmayacağını açıq şəkildə bildirir.

Qeyd edək ki, Macarıstan bazar ertəsi Brüsseldə nazirlərin qapalı toplantısında növbəti dəfə öz tələblərini səsləndirərək, danışıqlar aparanları əvvəlcə daxili enerji problemlərini həll etməyə, sonra isə yeni sanksiyalar tətbiq etməyə çağırıb.

Etiraf edək ki, macarların bu “tələbi” elə bil ki, rusların “çiçəyini çartladıb”.

Məsələn, diqqət kəsildiyimiz əksər rus saytları “Bloomberg”ın yazdıqlarını təkrarlamaqdan sanki “ləzzət alırlar”: “...Budapeştin mövqeyi yumşalmaq əvəzinə sərtləşir”.

Maraqlıdır ki, Avropa İttifaqı səlahiyyətliləri Macarıstan və Slovakiya üçün Rusiya neftini mərhələli şəkildə dayandırmaq üçün son müddəti 2024-cü ilin sonuna qədər təxirə salmağı təklif ediblər.

Amma Budapeşt... elə bil “onların qəsdinə dayanıb”, yəni belə görünür ki, yaranmış şəraitdən yararlanmaq istəyir.

Belə ki, Macarıstan tərəfi ölkənin neft sənayesini bərpa etmək üçün ən azı 770 milyon avroya ehtiyacı olacağını deyir.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Almaniyanın iqtisadiyyat naziri Robert Habek Avropa İttifaqının embarqo ilə bağlı yekdil fikrə gələ bilməsi ilə bağlı Macarıstana Rusiya neftindən imtina etmək üçün əlavə vaxt verilməsini mümkün hesab etdiyini bildirmişdi.

Amma maraqlı da olsa, Macarıstan heç bir “ipə-sapa yatmaq” istəmir. Hətta bir müddət bundan əvvəl ölkənin Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijarto “xüsusi tələbə” də çıxış edib. Deməli, “tələbə görə”, ölkə neft kəmərlərinin istismarını davam etdirir...və ancaq Rusiya neftinin dəniz nəqlinə embarqo qoyur...

...Bundan sonra Orban ölkəsinin Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını dəstəkləməyəcəyini bildirir.

Belə görünür ki, Avropa İttifaqının Rusiyaya qarşı daha bir sanksiyalar paketi, o cümlədən Rusiya neftinə embarqo qoyulması ilə bağlı razılığa gələ bilməyib. Təbii ki, bunun səbəblərdən biri Macarıstanın bu qərara veto qoyan mövqeyi olub.

Maraqlı da olsa Avropa İttifaqında bəziləri bunun təsirini “atom bombasının partlaması” ilə müqayisə edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə