Dünyadakı qaçqınların sayı açıqlanıb

Silahlı qarşıdurmalar, zorakılıq və təqiblər nəticəsində evlərini tərk edən qaçqın və məcburi köçkünlərin sayı bütün dünyada 100 milyon nəfəri keçib.

SİA TASS-a istinadən yazır ki, bu məlumatları Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) idarəsi təqdim edir.

“Münaqişə, zorakılıq və təqiblərdən qaçmaq məcburiyyətində qalan insanların sayı tarixdə ilk dəfə heyrətamiz olaraq 100 milyonu ötüb”, - BMT QAK bildirib.

Təşkilat bildirir ki, ötən ilin sonunda “dünyada məcburi köçkünlərin sayı 90 milyona çatıb. Agentliyin məlumatına görə, bunda Əfqanıstan, Burkina Faso, Konqo Demokratik Respublikası, Myanma, Nigeriya və Efiopiyada baş verən hadisələr xüsusi rol oynayıb.

Qeyd olunur ki, 2022-ci ildə Ukraynada baş verən hadisələr səkkiz milyon insanın bu ölkədən köçməsinə səbəb olub.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi rəqəmi sərt adlandırıb. Onun sözlərinə görə, bu, “heç vaxt qeydə alınmamalı olan rekorddur”.

Bundan əvvəl Amerikanın “Politico” nəşri Avropa İttifaqını ukraynalı qaçqınların qəbulunun Suriya və Əfqanıstandan olan miqrantlara münasibətdən fərqli olduğuna görə tənqid edib. Jurnalistlər vurğulayıblar ki, Ukrayna böhranı başlayandan sonra Avropa ölkələri “miqrasiya siyasətinə sürətlə yenidən baxıblar”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə