Avropa İttifaqında oturan siyasətçilər həyasızcasına insanlara yalan danışırlar

Ruslar Çexiyanın “Lidovky” nəşrində yer alan yazını yaman təbliğ edirlər...Nə demək olar, bəlkə də əsasları var. Çünki,.. beləliklə, SİA bu barədə “rambler”ə istinad edir.

Deməli, çex nəşri yazır ki, bu gün guya Rusiyaya qarşı "dəhşətli" sanksiyalar müharibəsi tətbiq edilsə də, amma bu dövlət hələ ki, yıxılmayıb, əksinə baş qaldırıb "qalib gəlməkdədir".

Belə ki, ruslar dirəşib Avropaya satdıqları neft və qazın pulunu onlara rublla ödəməyə məcbur elədilər

Bundan əlavə Avropa Rusiyadan digər xammalı çox baha qiymətlərlə alırlar. Niyə, çünki məcburdurlar.

Nəşrdə yer alan yazı müəllifi Yan Maçaçekin fikrincə, Avropa İttifaqında oturan siyasətçilər insanlara həyasızcasına yalan danışaraq, guya enerji daşıyıcılarının pulunu ödəmək məsələsində Rusiyanın ardınca getməyəcəklərinə söz veriblər. Reallıqda isə “Qazprom”un demək olar ki, bütün avropalı müştəriləri qazın pulunu rublla ödəyərək, bu barədə susmağa üstünlük verirlər.

Maçaçekin daha sonra qeyd edir ki, bu gün "cəhənnəm sanksiyaları" altında çökməli olan Rusiya nəinki dağılmayıb, əksinə, ticarət profisiti aktiv şəkildə artırmaqla dünya ölkələrini təəccübləndirir.

Məsələn, nümunə istəyirsiniz, bu da sizə nümunə...Almaniyanın Rusiyaya ixracı 63 faiz azalıb, Rusiyanın Almaniyaya ixracı isə 8 faiz artıb. Bu, Avropanın tətbiq etdiyi sanksiyalarla Rusiyanın Avropa İttifaqına ixracı orta hesabla az qala 10 faiz artıb.

Rusiyanın builki ticarət profisiti onun Qərbdəki bütün dondurulmuş aktivlərindən daha böyükdür və bu barədə çox danışılır. Söhbət 95,8 milyard dollardan gedir, halbuki bir il əvvəl bu məbləğ 27,5 milyard idi.

Çex yazara görə, Rusiya müharibədən qazanır, bu sizin düşündüyünüz kimi onu heç də zəiflətmir, əksinə, Moskvanın dünya bazarında alver etdiyi bütün xammalın qiymətini artırır.

Maraqlıdır ki, mütəxəssislər ilin sonuna qədər Rusiyanın profisitinin 250 milyard dollara çatacağını proqnozlaşdırırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə