Ukraynanın bərpası üçün xüsusi fond yaratmaq təklifi

Avropa Komissiyası maliyyə çatışmazlığını aradan qaldırmaq üçün Ukraynaya təcili yardım planlarını, ölkənin daha uzunmüddətli bərpası prosedurunu, eləcə də bu planları həyata keçirmək üçün fondun mümkün yaradılmasını açıqlayıb. “İnterfaks”ın məlumatına görə, bunu Brüsseldə keçirilən mətbuat konfransında bu planları təqdim edən Avropa Komissiyası sədrinin icraçı müavini Valdis Dombrovskis deyib.

SİA bu barədə Rusiya saytlarına istinad edir.

Dombrovskisin fikrincə, Avropa İttifaqı həm Ukraynanın gündəlik fəaliyyəti, həm də onun bərpası işi ilə məşğul olmalıdır. O, Ukraynanın ən təcili ehtiyaclarını ödəmək üçün yeni makro-maliyyə yardım proqramı çərçivəsində təcili kreditlər verməyi planlaşdırdıqlarını bildirib.

Latviyalı siyasətçi qeyd edib ki, Avropa İttifaqı uzunmüddətli perspektivdə G7 və beynəlxalq maliyyə institutları kimi tərəfdaşlarla işləyərək Ukraynanın yenidən qurulması üçün böyük beynəlxalq maliyyə səylərinə rəhbərlik edəcək.

Xatırladaq ki, bir müddət bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının Ukraynaya yeni makromaliyyə yardımı kimi 9 milyard avro ayırmağı təklif etdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə