"Avstriya üçün NATO üzvlüyündən söhbət gedə bilməz"

İsveç və Finlandiyanın NATO üzvlüyünə müraciət edəcəyinə və bu prosesin Avropada digər ölkələri də əhatə edə biləcəyinə dair xəbərlərin ardınca Avstriyanın Federal Kansleri Karl Nehammer ölkəsinin əbədi neytrallığına bir daha aydınlıq gətirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, K. Nehammer Avstriyanın neytral olduğunu və gələcəkdə də neytral olacağını bir daha vurğulayıb: “Avstriya üçün gündəmdə belə bir sual mövcud deyil, bizim tariximiz İsveç və Finlandiya tarixindən fərqlidir”.

K. Nehammer bildirib ki, Aİ çərçivəsində Avstriya Ukrayna ilə həmrəylik nümayiş etdirir və onun tutduğu mövqe Ukraynaya hərbi yardımların verilməsini də mümkün edə bilər.

Qeyd edilməlidir ki, Avstriyanın müdafiə naziri Klaudia Tanner də Aİ ölkələrinin müdafiə nazirlərinin toplantısında oxşar bəyanatla çıxış edib. O bildirib ki, hər bir dövlət hansısa bloka qoşulmaq qərarında müstəqildir, lakin Avstriyada bu məsələ konstitusiya səviyyəsində öz həllini tapıb və neytrallıq bütün avstriyalıların qəlbində dərin kök salıb.

K. Tanner qeyd edib ki, Avstriya neytral mövqeyinə görə Ukraynaya öldürücü silahlar tədarük edə bilməz və öz fəaliyyətini mühafizə geyimləri və tibbi yardımlarda görür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...