…yəni Ukrayna üçün “nasist salamı” olar, amma bizim üçün “Roma salamı” olmaz?

Belə görünür ki, Polşanın ruslara olan nifrəti təkcə siyasi sahədə deyil, həm də mədəni sahədə də mövcudmuş. Bunu yazan rus saytlar əsas da göstərirlər.

Belə ki, “Eurovision 2022”-də aparıcılıq edən polşalı aktrisa İda Novakovska səhnədə olarkən Ukraynaya dəstək nümayiş elətdirmək istəyib və rusların fikrincə, nasist salamına bənzər bir jestlə ukraynalıları salamlayıb. Və hətta bununla da “ürəyi soyumayan” polşalı aktrisa yenə də səhnədən ruslara acıq vermək üçün “Ukraynaya eşq olsun” deyərək qışqırıb.

SİA-nın əldə etdiyi məlumata görə, ruslar xatırladırlar ki, daha əvvəl Ukraynadan olan “Eurovision-2022” iştirakçıları müsabiqə qaydalarını pozduqları və diskvalifikasiya riski ilə üzləşdikləri barədə məlumat yayılmışdı. Belə ki, onlar Mariupoldakı “Azovstal” zavodunda bloklanan ukraynalı döyüşçüləri (…deyim ki, ruslar onlara “neonasistlər” deyirlər) xilas etməyə çağırış ediblər. Halbuki, qaydalara əsasən, müsabiqə iştirakçılarına siyasi bəyanatlar səsləndirmək qadağan olunub. Bununla belə, müsabiqənin təşkilatçıları “qulaqlarını tıxayıb” buna göz yumublar. Ukraynalıların bu çağırışlarının guya siyasi xarakter daşımadığını bildirdilər.

Amma, bundan bir müddət əvvəl, aprel ayında Sverdlovskdan olan 15 yaşlı rus yarışmaçı Artem Severyuxin kartinq üzrə Avropa çempionatında “Roma salamı” göstərdiyinə görə, onu qalib titulundan məhrum etdilər. Ruslar bu dəfə lap "qətiyyətlə" sual edirlər: bu haqsızlıq deyilmi?

…Hə, indi ruslar sual edirlər ki, bunu necə başa düşək: Ukrayna üçün “nasist salamı” olar, amma bizim üçün “Roma salamı” olmaz?

Deyim ki, bu mənlik deyil deyə, cavabını Siz verin…

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə