Tryudo Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb

Tryudo Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb

Kanadanın Baş naziri Castin Tryudo Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla əlaqədar Kanadanın Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” xəbər verir.

“Biz 40 rus fiziki və beş hüquqi şəxsə, oliqarxlara və rejimin müdafiə sektorundakı yaxın müttəfiqlərinə qarşı yeni sanksiyalar irəli sürürük”, - deyə Tryudo bildirib.

O əlavə edib ki, siyahıda olan şəxslərin hamısı Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla bağlıdır.

Bu arada Tryudo Kiyevə ediləcək əlavə hərbi yardımı da açıqlayıb. Belə ki, Kanada Ukraynanı atıcı silahlarla təmin edəcək, minalardan təmizləmə əməliyyatlarını maliyyələşdirəcək.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Kanadanın Baş naziri Castin Tryudo ilə görüşüb.

Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski “Fox News” telekanalına müsahibəsində ABŞ prezidenti Cozef Baydenin Kiyevə gələcəyini demişdi.

Bundan əvvəl ABŞ-ın birinci xanımı Cill Bayden Ujqoroda səfər edib və burada Ukrayna prezidentinin xanımı Yelena Zelenskaya ilə görüşüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə