Avropa İttifaqından Rusiyaya 6-cı sanksiyalar paketi

Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasında fevralın 24-dən bəri davam edən “Rusiya-Ukrayna müharibəsinin Aİ üçün iqtisadi və sosial nəticələri” mövzusunda sessiya keçirilib
Avropa İttifaqından Rusiyaya 6-cı sanksiyalar paketi

Avropa İttifaqı (Aİ) Komissiyası Rusiyadan neft idxalını qadağan edən yeni sanksiyalar təklif edib.

SİA xəbər verir ki, Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasında fevralın 24-dən bəri davam edən “Rusiya-Ukrayna müharibəsinin Aİ üçün iqtisadi və sosial nəticələri” mövzusunda keçirilən sessiyada Aİ Komissiyasının sədri Ursula fon der Leyen çıxış edib.

Rusiyaya qarşı tətbiq edilməsi planlaşdırılan yeni sanksiya paketinin məzmununu açıqlayan fon der Leyen deyib: “Bu gün biz altıncı sanksiyalar paketini təqdim edirik. Paket çərçivəsində Ukraynanın Buça bölgəsində hərbi cinayətlər törətmiş və Mariupol şəhərinin mühasirəsinə cavabdeh olan yüksək rütbəli zabitlər və digər şəxslər sanksiya siyahısına əlavə olunacaq.

Rusiyanın ən böyük bankı olan Sberbankı və digər iki böyük bankı “SWIFT”dən (valyuta transferi bankı) çıxarırıq.

Rusiyanın 3 dövlət kanalına yayım qadağası qoyacağıq. Bu qurumların kabel, peyk, internet və ya smartfon tətbiqləri ilə Aİ ölkələrində heç bir şəkildə fəaliyyət göstərməsinə icazə verilməyəcək.

Avropadan Rusiyanın mühasiblərə və müxtəlif məsləhətçilərə çıxışını da dayandıracağıq. Rusiya şirkətlərinə bu cür xidmətlərin göstərilməsini qadağan edəcəyik.

6 ay ərzində Rusiyadan xam neft tədarükünü, ilin sonuna qədər isə təmizlənmiş məhsulların tədarükünü mərhələli şəkildə dayandıracağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə