...Deməli, beləliklə...artıq fevralın 24-də Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatlara başlaması ilə əlaqədar olaraq, ABŞ da daxil olmaqla, Qərb Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı tətbiq etməyə başlayacaq. Əslində, artıq başlayıb. Belə görünür ki, bu sanksiyalar əvvəlki sanksiyalara bənzəməyəcək. Bunu bir necə gün bundan əvvəl Brüsseldə keçirdiyi mətbuat konfransında Avropa İttifaqı diplomatiyasının rəhbəri Xosep Borrell də bildirmişdi.
Ötən gün isə Avropa İttifaqının liderləri Rusiyaya qarşı sanksiyaları təsdiqləmək üçün fövqəladə sammitə toplaşıblar. Deyəsən, belə görünür ki, doğrudan da, “bu həna, o hənadan deyil”.
Yeri gəlmişkən bunu Avropa Komissiyasının rəhbəri xanım Ursula fon der Leyen də etiraf edib. Onun sözlərindən belə başa düşülür ki, təmsil etdiyi qurumun ruslara qarşı tətbiq edəcəyi sanksiyalar əvvəlki sanksiyalara bənzəməyəcək. Yəni yeni sanksiyalar bu dəfə Rusiya iqtisadiyyatının böyük bir hissəsini əhatə edəcək. Əlavə olaraq bildirək ki, bu sanksiyalarla Avropa İttifaqı Rusiya iqtisadiyyatının strateji sektorlarını vuracaq, Rusiya üçün əsas olan texnologiya və bazarlara olan bütün çıxışlar əngəlləyəcək.
Belə görünür ki, qurum rəhbəri dediklərində israrlıdır. Yəni bu dəfə bu qurum Rusiya iqtisadiyyatının təməl və modernləşmə qabiliyyətini zəiflədəcəyini “öhdəlik kimi” qarşısına qoyub.
Bundan əlavə, fon der Leyenin sözlərinə görə, rəhbəri olduğu qurum Rusiyanın xaricdəki dövlət aktivlərini də mərkəzləşdirilmiş şəkildə bloklamaq niyyətindədir.
“...Biz Rusiyanın Avropa İttifaqındakı aktivlərini donduracağıq və Rusiya banklarının maliyyə bazarlarına çıxışını dayandıracağıq”. Qeyd edək ki, bunu da fon der Leye bildirib.
Yeri gəlmişkən, Avropa Komissiyasının rəhbəri Rusiya ilə bağlı bu məsələlərin artıq Avropa İttifaqı, ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya, Avstraliya və s. dövlətlərlə razılaşdırılmış qərar olacağını da vurğulayıb.
Onu da qeyd edək ki, ruslara qarşı tətbiq edilən və bundan sonra da tətbiq ediləcəyi istisna edilməyən “cəhənnəm sanksiyaları”nın ilk əlamətləri artıq Rusiyada müşahidə edilməkdədir. Belə ki, artıq Rusiyanın fond bazarında 11 faizdən artlq çöküş müşahidə edilib. Moskva birjası ticarətini dayandırmaq məcburiyyətində qalıb. Bundan əlavə, ötən gün birjanın internet saytındakı məlumatlara görə, rubl, səhmlər və fyuçerslərlə ticarət də dayandırılıb.
Təbii ki, Rusiyadakı bu yaşantıların, bəzi istisnalarla, bu ölkə ilə Avrasiya İqtisadi Birliyində təmsil olunan ölkələr üçün də təsirsiz ötüşməyəcək. Əslində bunu, belə demək olarsa, tam şəkildə Rusiyadan asılı olan Ermənistan üçün hansı fəsadlar törədəcəyini indidən ehtimal etmək olar.
Yeri gəlmişkən, bunu artıq erməni saytları da etiraf etməyə başlayıblar. Məsələn, ötən gün bu mövzuya toxunan erməni saytlarından biri Rusiyada iqtisadi vəziyyəti pisləşdirəcək “cəhənnəm sanksiyaları”nın bu ölkədə çörək qazanan erməni əmək miqrantlarının gəlirlərinin azalmasına gətirib çıxaracağını da gizlətməyib.
Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, hər il Rusiyadakı erməni əmək miqrantları öz ölkələrinə təqribən yarım milyarddan artıq ABŞ dolları göndərirdilər ki, bundan sonra bunun azalacağı istisna edilmir.
Təbii ki, bu azalmanın nəticəsi olaraq Ermənistan vətəndaşlarının sosial-iqtisadi vəziyyətinin pisləşməsi, onların alıcılıq qabiliyyətinin, eləcə də Ermənistanın daxili ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə azalması qaçılmaz olacaq.
Digər tərəfdən, Rusiya rublunun zəifləməsi Ermənistan mallarının Rusiya bazarında rəqabət qabiliyyətini də azaldacaq. Qeyd edək ki, bu gün Rusiya rublu üçün cəmi 6 dram verilir ki, bu da erməni ixracatçılarının Rusiyaya gəlirlərinin itirilməsinə səbəb olacaq. Yəni istər-istəməz ixracın həcminin və Ermənistana valyuta axınının azalmasına gətirib çıxaracaq.
Bir daha xatırladaq ki, bu gün Rusiya ilə eyni inteqrasiya iqtisadi birliyində təmsil olunan Ermənistana Qərbin sanksiyalarının mənfi təsiri sözsüz ki, bu və ya digər şəkildə böyük zərbə vuracaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB