Buxarestdə ictimai nəqliyyat işçilərinin tətili davam edir

Buxarestdə yerüstü ictimai nəqliyyat işçilərinin etiraz aksiyası davam edir. Etirazçılar maaşların artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını və baş direktorun istefasını tələb edirlər.

SİA xarici KİV-ə istinadla xəbər verir ki, Buxarest Nəqliyyat Şirkətinin parkından gələn avtobusların, trolleybusların və tramvayların yalnız beşdə biri fəaliyyət göstərir.

Şəhər sakinləri metrodan, taksidən istifadə edir, işə piyada gedirlər. Buxarest metrosunun rəhbərliyi parkdakı bütün qatarların xəttə buraxıldığını bildirib. Paytaxtda ictimai nəqliyyatdan hər gün yüz minlərlə vətəndaş yararlanır. Buxarest məhkəməsinin etiraz aksiyasını qeyri-qanuni elan etməsinə və onun dayandırılmasını tələb etməsinə baxmayaraq, tətil davam edir. Şirkətin idarə heyəti və paytaxt meriyasının rəhbərləri işçiləri işdən çıxarılmaqla, cinayət işi açılmaqla hədələyirlər. Şirkətin baş direktoru Adrian Kritz (Milli Liberal Partiya, PNL) hesab edir ki, tətil Vasile Petrariunun (Sosial Demokrat Partiyası, SDP) başçılıq etdiyi həmkarlar ittifaqı tərəfindən təşkil edilib və siyasi xarakter daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə