“...Dünyada nigarançılıqdan pis şey yoxdur”

Ax, bu nigarançılıq... Allah Sizə rəhmət eləsin, Mirzə Cəlil! "Həqiqətən, dünyada bu nigarançılıqdan pis şey yoxdur" deməkdə necə də haqlıymışsınız.

Budur, Ermənistan prezidenti qəfil gedişi ilə ermənilər arasında elə nigarançılıq yaradıb ki, belə görünür ki, ermənilər bu nigarançılığın acısından hələ bir-neçə müddət qurtula bilməyəcəklər.

Məsələn, ötən gün nigarançılıq çəkən politoloq Stepan Danielyan şəxsi “Facebook” səhifəsində Armen Sarkisyanın istefasına ermənilərin ciddi yanaşmalarını məsləhət görür. Doğrudur, onun fikrincə, bu gün Ermənistanda ciddi və sistemli müzakirələrə nail olmaq mümkün olmasa da, amma erməni politoloq da başda olmaqla erməniləri bir sıra digər məsələlər maraqlandırır.

Bu dəfə də, məsələn, onlar sual edirlər ki, niyə Armen Sarkisyan məhz indi, vətənin bu “ağır” günündə istefa verir?

Maraqlıdır, onun prezident kimi, razı olmadığı və prezident kimi məsuliyyəti üzərinə götürmək istəmədiyi hansı hadisələr gözlənilir? Yəni doğrudanmı, o hansısa mümkün sənədin altına öz imzasını atmaq istəmir?

Qeyd edək ki, Armen Sarkisyan istefası ilə bağlı yazdığı açıqlamasında hansısa “ümummilli böhran”dan danışır, daha nə bilim ailəsinin təhlükəli duruma düşə biləcəyinə eyham vurur.

Yaxşı, “ümummilli böhran”la bağlı məsələ bəlli, amma onun ailəsi ilə bağlı narahatçılığına heç bir əsas olmamalıdır axı. Çünki deyilənə görə, onun da ailəsi digər erməni səlahiyyətlilərinin ailələri kimi ilin 12 ayını xaricdə yaşayır. Özü də hər cür təminatla...

Amma buna baxmayaraq, yenə də maraqlıdır, Ermənistanda baş verən hadisələrin belə “zaqar” vaxtında istefa verən Sarkisyan bu əməli ilə, doğrudanmı, Paşinyan hakimiyyəti tərəfindən hazırlanan hansısa yeni ssenarinin qarşısını almaq istəyib?

...Və nəhayət, artıq sabiq demək mümkünsə, Armen Sarkisyan öz vəsiyyətnamə...ey... açıqlamasında “ermənilərin artıq səhv etmək imkanı yoxdur” yazmaqla nə demək istəyir?

Yenə də bu nigarançılıq,.. Ax, bu nigarançılıq... Deyəsən, çıxacaq erməni xalqının axırına...amma nə yaxşı ki, ermənilər Konstantin Zatulin kimi “dəyərli” dostlardan da xali deyil. Budur, həmişə olduğu kimi, bu dəfə də o “dəyərli dost kimi öz dəyərli məsləhətləri” ilə ermənilərdən yanındadır.

Belə ki, ilk olaraq Rusiyanın Ermənistanda baş verən proseslərdən narahat olduğunu deyən Zatulin daha sonra ermənilərə Armen Sarkisyanın öz postundan getməsinə elə də üzülməməyi məsləhət görür. O hətta bu istefanın gözlənilən olsa da, amma bir az gec reallaşdığına da təəccübünü gizlətmir.

“...Görünən odur ki, Paşinyanın komandası daxili siyasi vəziyyətin öhdəsindən gəlmir. O da göz qabağındadır ki, hakimiyyət xarici arenada böyük çətinliklə Ermənistanın maraqlarını müdafiə etməyə çalışır. Ona görə də, yaxşı olardı ki, baş nazir Nikol Paşinyan müharibənin nəticələrinə görə bütün məsuliyyəti öz üzərinə götürüb istefa versin”.

Deyim ki, bunu da Zatulin məsləhət görür, amma kimə, bax, əsil müəmma budur. Lakin buna baxmayaraq, bizlərdə “məsləhətli don gen olar” deyimi indiki halda nə ermənilər, nə də Zatulin üçün keçərli deyil.

...Yeri gəlmişkn, bu arada vaxtilə sabiq prezident Serjik Sarkisyana kargüzarlıq edən Armen Aşotyan Zatulinin prezident istefası ilə bağlı ermənilərə vermək istədiyi tövsiyələrə irad bildirərək, bütün baş verənlərin Nikola hakimiyyəti əlində möhkəmləndirmək üçün əlavə şanslar verəcəyini deyib. Armen Aşotyana görə, Armen Sarkisyan bu addımı atmaqla Nikolanın yolunu daha da təmizləmiş oldu.

Təbii ki, Zatulin bunlarla razılaşmaq istəməyəcək..

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə