İranda Ayətullah Xomeyninin heykəli sökülüb

Ötən həftələrdə ABŞ tərəfindən öldürülən İran İnqilab Keşikçiləri Ordusunun “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin heykəli də yandırılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İranda Ayətullah Xomeyninin heykəlini sökən naməlum şəxs həbs edilib. Hadisə şənbə günü İsfahanın Ərdəstanında baş verib. Həmidreza Taamoli adlı bir məmur bildirib ki, İran İslam Respublikasının qurucusu və keçmiş ruhani lideri Xomeyninin şəhərin əsas meydanındakı heykəlinə hücum edilib. Sözügedən şəxsin şəxsiyyəti qısa zamanda müəyyən edilib və o, həbsxanaya göndərilib.

Taamoli əlavə edib ki, hücumçunun heykəli yandırmasının səbəbi hələlik məlum deyil. Bu ayın əvvəlində ölkədə oxşar hadisə baş verib. Qasım Süleymaninin heykəli yanvarın 5-də Çaharmahal və Bəxtiyari əyalətinin Şahrekurd şəhərində yandırılıb. Səlahiyyətlilər heykəli yandırdığı güman edilən “əks-inqilabçı agentin” həbs edildiyini açıqlayıb. 150 milyon tümən dəyərində olan heykəl hücumdan bir neçə saat əvvəl açılıb.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Süleymani 2020-ci il yanvarın 3-də ABŞ tərəfindən pilotsuz uçuş aparatları ilə öldürülüb. Sui-qəsddən sonra İranla ABŞ arasında gərginlik artıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə