Pekin şəhəri Qış Olimpiya Oyunlarına hazırdır

“Pekin-2022” Qış Olimpiya Oyunlarının başlanmasına sayılı günlər qalıb. SİA xəbər verir ki, tarixə həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edən yeganə şəhər kimi düşəcək Pekində bu mötəbər idman yarışına hazırlıq prosesi tamamlanıb. Yarışların keçiriləcəyi açıq və qapalı məkanlar, Olimpiya şəhərciyi, məşq zalları hazır vəziyyətdədir. Ən son texnoloji yeniliklərin tətbiqi ilə həyata keçirilmiş inşaat və quraşdırma işlərini yerli və xarici ekspertlər bir neçə dəfə yoxlayıb, müsbət rəy veriblər.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) də “Pekin-2022” Qış Olimpiya Oyunlarının hazırlıq prosesindən razıdır və dördilliyin zirvə yarışının yüksək səviyyədə keçiriləcəyinə əmindir. Təşkilatın vitse-prezidenti Yü Cayçin mediaya müsahibəsində bildirib ki, BOK-un “Pekin-2022” Qış Olimpiya Oyunları üçün əlaqələndirmə şurası fəaliyyət göstərir.

Həmin şura təşkilat komitəsi ilə hazırlıq və təşkilatı məsələlərlə bağlı sıx əlaqədədir və proseslərin gedişi barədə BOK-un İcraiyyə Komitəsinə hesabatlar verilir. BOK Oyunların uğurla keçəcəyinə inanır.

Pekində 2008-ci ildə keçirilmiş Yay Olimpiya Oyunları üçün inşa edilmiş bəzi idman arenalarından Qış Olimpiya Oyunlarında da istifadə olunacaq. Belə ki, Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirildiyi məşhur “Quş yuvası” stadionunda Qış Olimpiya Oyunlarının da eyni tədbirləri təşkil olunacaq. Bundan başqa, Milli Qapalı Stadionda hokkey, Milli Gimnaziumda isə fiqurlu konkisürmə yarışları keçiriləcək.
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) məşhur ulduzu Yao Min də Qış Olimpiya Oyunlarının dostluq mühitində, sağlam idman rəqabətində keçəcəyinə inanır. “Pekin-2022”nin ulduz səfiri olan veteran idmançı bildirib: “Yay Olimpiya Oyunlarından keçən 14 il ərzində Çində idmana, eləcə də Olimpiya hərəkatına maraq xeyli artıb. Olimpiya Oyunlarının əsas məqsədi insanların bir yerə toplaşaraq birlikdə xoş vaxt keçirməsidir. Hansı ölkədən gəlməsindən asılı olmayaraq, hər bir Olimpiya atleti üçün bu yarışlarda iştirak böyük təcrübə, medal qazanmaq isə əlavə uğurdur. Ümid edirəm ki, bu cür mötəbər idman tədbiri vasitəsilə hər kəs daha çox dost qazanacaq”.

“Pekin-2022” Qış Olimpiya Oyunları dünyanı cənginə alan COVID-19 pandemiyası dövründə keçirilən ikinci Olimpiya Oyunları kimi tarixə düşəcək.

Təşkilat komitəsi atletlərin və heyət üzvlərinin sağlamlığının qorunması məqsədilə pandemiya əleyhinə xüsusi tədbirlər planı hazırlayıb. Qaydalara əsasən, COVID-19 virusuna qarşı peyvənd edilən idmançılar 21 günlük məcburi karantindən azaddırlar. Digərləri isə Çinə daxil olduqdan sonra 21 gün özünütəcrid rejimində yaşamalı və bu müddətdə bir neçə dəfə test verməlidirlər. Bundan başqa, Olimpiya Oyunları üçün “qapalı sistem” tətbiq olunacaq. Atletlər və heyət üzvləri yarış məkanları, məşq zalları və oyunlarla bağlı digər yerlərdən kənara çıxa bilməzlər. Yarışlara xaricdən azarkeş buraxılmayacaq. Məhdud sayda yerli tamaşaçı isə yalnız dəvətnamə əsasında yarışları izləyə biləcək.

Qeyd edək ki, “Pekin-2022” Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində və ətraf Canciakou şəhərində təşkil olunacaq. Azərbaycanı Olimpiadada fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...