8 qarətçi saxlanılıb ALMA-ATIDA

Alma-Atada talançıların daha bir qrupu saxlanılıb və Qazaxıstan hüquq-mühafizə orqanları səkkiz nəfəri kirayə götürdükləri mənzildə tutublar. SİA xəbər verir ki, bu barədə şəhər komendaturasının məlumat mərkəzi informasiya yayıb.

“Altısı Jambil vilayətindən, daha ikisi Taldıkorqandan olan səkkiz kişi şəhərin Almalı rayon polisi tərəfindən kirayədə qaldıqları mənzildə saxlanılıb. Onların ən böyüyü 25, ən gənci isə 19 yaşındadır. Onların kirayə götürdükləri evdə məişət, rəqəmsal, ofis ləvazimatları və hərbi ləvazimatlar aşkar edilib ki, bunlar onlar tərəfindən cinayət yolu ilə əldə edilib", deyə komendantlıqdan bildiriblər.

Saxlanılanların Alma-Atadakı iğtişaşların və talanların fəal iştirakçıları olduğu müəyyən edilib.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Daha sonra etirazlar digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Alma-Ataya yayılıb. Orada qarətlər başlayıb, silahlılar dövlət qurumlarına hücum ediblər. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə daxilində fövqəladə vəziyyət elan edib və terrorla mübarizə əməliyyatına başlayıb. BMT-nin məlumatına görə, Qazaxıstanda etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb. Respublika Daxili İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstanın 17 təhlükəsizlik işçisi həlak olub, 1,3 mindən çox insan yaralanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə