ABŞ təyyarəsi Yaponiyada qəza enişi edib

ABŞ hərbi-hava qüvvələrinin Yaponiyanın Misava aviabazasına məxsus F-16 qırıcı təyyarəsi noyabrın 30-da axşam saatlarında Aomori aeroportuna qəza enişi edib.

SİA xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi və yerli hakimiyyət orqanları məlumat yayıb.

Yerli vaxtla saat 18:10 dəqiqədə baş verən qəza enişi aeroportun yeganə uçuş-enmə zolağının bağlanmasına və daxili aviareyslərin hərəkətində problemlərə səbəb olub. Təyyarənin enişi zamanı heç bir fövqəladə hadisənin baş vermədiyi bildirilsə də, pilotun yanacaq çənlərini atması əhali arasında narahatlıqla qarşılanıb.

Misava bazasında yerləşən 35-ci aviapolkdan bildirildiyinə görə, F-16 təyyarəsində uçuş zamanı problem yaranıb. Nəticədə pilot qırıcı təyyarənin yanacaq çənlərini Aomori prefekturasında yerləşən İvaki dağı yaxınlığında, yaşayış məntəqəsinin olmadığı əraziyə atıb.

Lakin həmin bəyanatın əksinə olaraq, çənlərdən birinin yaşayış məntəqəsinə düşdüyü qeyd edilir. Belə ki, yerli polis ərazidə metal qırıntıları və yanacaq kimi istifadə edilən maye aşkar edib.

Hazırda qəzanın baş verməsi səbəbləri araşdırılır.

Əlavə olaraq qeyd edək ki, Misava bazasında ABŞ hərbiçiləri ilə yanaşı, Yaponiya özünümüdafiə qüvvələri də yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə