"Taliban" ölkədən qaçan müxalifləri geri çağırır?

“Sözügedən adamların keçmişdə etdikləri hər şey keçmişləriylə bağlıdır”
Taliban müvəqqəti hökumətinin Xarici işlər naziri müavini Şir Məhəmməd Abbad Stanikzey nazirlikdə təşkil edilən mərasimdə etdiyi çıxışında deyib...

SİA xəbər verir ki, Əfqanıstanda "Taliban" hökuməti ölkədən ayrılan müxaliflərin geri dönmələrini istədi.

Taliban müvəqqəti hökumətinin Xarici işlər naziri müavini Şir Məhəmməd Abbad Stanikzey nazirlikdə təşkil edilən mərasimdə etdiyi çıxışında deyib: “Talibanın hakimiyyətə keçməsiylə xaricə gedən müxaliflərin və əvvəlki hökumətdə çalışanların ölkələrinə dönməsini istəyirik. Bu adamlar əvvəlki vəzifələrində çalışa bilməsələr də, dönüb öz ölkələrində yaşaya bilərlər.

Gəlin, Əfqanıstanı birlikdə yenidən quraq və problemlərin öhdəsindən gəlmənin bir yolunu tapaq.

Sözügedən adamların keçmişdə etdikləri hər şey keçmişləriylə bağlıdır. Onlardan kimsə Əfqanıstanda yaşamaq istəmədiyini deyə bilməz. Çünki Əfqanıstan bütün əfqanıstanlıların ortaq ölkəsidir.

Beynəlxalq cəmiyyətin bir parçası olan Əfqanıstanda bağlanılan xarici ölkələrin səfirliklərinin yenidən açılması və dünya ilə əlaqələri yenidən qurmaq üçün əlimizdən gələn hər şeyi edirik.

Taliban xalqın etibarını qazanmağa çalışır və bu səbəbdən Taliban qüvvələrinin davranışları xalqın dəyərlərinə zidd olmamalıdır.”

Qeyd edək ki, Talibanın 15 avqustda ölkəni ələ keçirməsindən sonra müxalifət başçıları və əvvəlki hökumət işçilərinin çoxu ölkəni tərk edib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə