NATO-nun baş katibi Yens Stoltenberq Polşa prezidenti Anjey Duda ilə Polşa-Belarus sərhədindəki vəziyyəti müzakirə etdiyini və alyansın Polşa tərəfi ilə həmrəy olduğunu bildirib. SİA xəbər verir ki, bu barədə Stoltenberq "Twitter" səhifəsində yazıb.
"Prezident Anjey Duda ilə Polşa sərhədindəki ciddi vəziyyətlə bağlı danışdım. Belarusun miqrantlardan hibrid taktika kimi istifadə etməsi qəbuledilməzdir. NATO Polşa və regiondakı müttəfiqlərimizlə həmrəydir", deyə Stoltenberq öz hesabında qeyd edib.
Qeyd edək ki, bazar ertəsi Belarus Dövlət Sərhəd Komitəsi Şərq və Afrika ölkələrindən olan böyük bir qaçqın qrupunun Belarusun Polşa ilə sərhədinə getdiyini bildirib. Axşam saatlarında departamentdən bildirilib ki, respublikanın Polşa ilə sərhədində qaçqınlarla bağlı vəziyyət son dərəcə gərgin olaraq qalır və 2 mindən çox qaçqın, o cümlədən çoxlu qadın və uşaqlar sərhəd xəttində Polşa baryerləri qarşısında dayanıb. Polşa təhlükəsizlik qüvvələri onları buraxmır, miqrantlar isə maneələri aşmağa cəhd edirlər.
Xatırladaq ki, bu yaxınlarda Litva, Latviya və Polşa Minski miqrasiya böhranı yaratmaqda ittiham edərək Belarusla sərhəddə saxlanılan qanunsuz miqrantların sayının artdığını bildiriblər. Minsk isə bütün ittihamları rədd edir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, Polşa prezidenti Belarusla həmsərhəd ərazilərdə fövqəladə vəziyyət elan edib, sərhədin mühafizəsinə ordu və polis cəlb edilib. Belarus prezidenti Aleksandr Lukaşenko qeyd edib ki, Minsk bundan sonra Aİ ölkələrinə qanunsuz miqrant axınının qarşısını almayacaq. Belarus sərhədçiləri Litva, Polşa və Latviya tərəfindən miqrantların Belarus ərazisinə zorla qovulması barədə dəfələrlə bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB