Rusiyalı jurnalist Nobel Sülh Mükafatını qazandı

Rusiyalı jurnalist Nobel Sülh Mükafatını qazandı

"Novaya qazeta"nın baş redaktoru Dmitri Muratov Nobel Sülh Mükafatına layiq görülüb. SİA xəbər verir ki, bu barədə komitənin rəsmi Twitter hesabında məlumat verilib.

Filippinli jurnalist Maria Ressa da Nobel mükafatını alıb. Qeyd olunur ki, Muratov və Ressa "demokratiya və davamlı sülh üçün ön şərt olan söz azadlığını qorumaq səylərinə görə" Nobel mükafatına layiq görülüblər.

Qeyd edək ki, Dmitri Muratov rusiyalı jurnalist, teleaparıcı, "Novaya qazeta"nın qurucularından və baş redaktorlarından biridir. Sülh Mükafatına layiq görülən üçüncü Rusiya vətəndaşıdır. Bundan əvvəl mükafatı fizik və hüquq müdafiəçisi Andrey Saxarov və SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov alıb.

Maria Ressa jurnalist və yazıçıdır. "Rappler" xəbər saytının həmtəsisçisidir. Təxminən 20 il Cənub-Şərqi Asiyada aparıcı müxbir olaraq çalışıb.

Qaliblərin adlarının elan edilməsi mərasimi Norveç Nobel İnstitutu tərəfindən keçirilib. Siyahıya 329 namizəd daxil idi - 234 nəfər və 95 təşkilat.

2020-ci ildə BMT-nin Dünya Ərzaq Proqramı Nobel Sülh Mükafatı laureatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə