İranlı nazirin “yandırdığı” körpülər…

İranlı nazirin “yandırdığı” körpülər…

Gərək ki, amerikalı yazar Raul Ausnerin fikridir, deyir ki, sənə xəyanət edəni bağışlasan, o səndən yenə istifadə edər; çünki xəyanət bir ruh halı deyil, xarakterin tökülüş formasıdır. Mənim burada amerikalı yazarın yazdığı bu cümlədə bəzi sözlərin yerini səhvən dəyişik yazmaq ehtimalım olsa da, amma onun fikrində heç bir təhrifə yol vermədiyimə əminəm.

Beləliklə, ötən gün İranın yollar və şəhərsalma naziri Rostam Qasemi bəyan edib ki, guya Ermənistanla birgə yapacaqları infrastruktur layihələri bölgənin tranzit xəritəsini tamamilə dəyişdirəcək. (…hə, burda deyirlər ey…qolunuza çöpdən dirək)

Qeyd edək ki, Qasemi bu barədə “Twitter”dəki mikrobloqunda yazıb.

Deməli, Qaseminin yazdığına görə, o öz müavinlərinə həvalə etdiyi xüsusi missiya sayəsində Qafqaz dəhlizi və Horduzdan Ermənistana gedən yol problemi həll olunacaq və tezliklə bu bölgənin tranzit xəritəsi tamamilə dəyişdiriləcək.

Onun sözlərinə görə, Tehran üçün bu problemi yaradanlar hamısı bilməlidir ki, İrana gedən yolu bağlaya bilməyəcəklər. Bununla yanaşı, onlar üçün “yanmış körpüləri” bərpa etmək bundan sonra çətin olacaq. (...burda deyiblər ey “…anan ölsün, İrəmazan”)

Təbii ki, ermənilər də Qaseminin bu fikirlərindən yerindəcə yararlanmağı “bacarıblar”. Məsələn, onlar iranlı nazirin bunları deməklə Gorus-Qafan magistral yolunda polis əməkdaşlarının guya İranın ağır yük maşınlarının sürücülərindən gediş haqqı tələb edən Azərbaycanın hərəkətlərinə işarə etdiyinə “əmindirlər”.

Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl İrəvanda “Fars Körfəzi - Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması perspektivlərini müzakirə etmək üçün işçi qrupunun növbəti iclası keçirilib. Onu da xatırladaq ki, bu layihədə Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan rəsmən iştirak edirlər. Qeyd edək ki, Ermənistan paytaxtında keçirilən budəfəki görüşdə iştirakçı ölkələr sazişin yeni layihə variantını hazırlayıblar. Ermənilərin dediyinə görə, guya bu dəhliz Ermənistana tədarükləri şaxələndirməyə, İran limanlarından sərbəst istifadə etməyə və mühüm tranzit mərkəzinə çevrilməyə imkan verəcək. Necə deyərlər, uğurlu olsun…

…No! Gərək ki, xatırlamış olarsınız, “Fars körfəzi - Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizinin “işə salınması” məsələsi hələ 2016-ci ildə ilk dəfə İran tərəfindən irəli sürülüb. Həmən ərəfədə usta və mühəndis heyəti ilə yığışıb İrəvana gələn İran rəsmiləri burada Ermənistan, Bolqarıstan, Gürcüstan və Yunanıstan işçi qrupları ilə görüşüblər. Bəli, onu da deyək ki, sonradan mütəmadi xarakter alan bu görüşlər, hələ ki, görüşdən o yana keçməyib. Yəni tərəflər hələ ki, “beynəlxalq nəqliyyat dəhlizi”ni dartıb bir yerə çıxara bilməyiblər.

Bundan əlavə, ermənilərin “bəh-bəhlə” təbliğ etdiyi bu layihə, guya “Cənubi Qafqazda regional logistika sistemini dəyişdirəcək”. Belə ki, layihədə marşrutun Azərbaycanı adlayaraq Ermənistandan Gürcüstana keçməsi, buradan isə yüklərin Yunanıstana və Bolqarıstana oradan da daha dərinlərə daşınması nəzərdə tutulur.

Amma, belə görünür ki, ermənilərin dediklərinə baxmayaraq, bu “nəzərdə tutulma” deyəsən yavaş-yavaş iflasa doğru gedir. Çünki Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra həm İran, həm Ermənistan, həm də o biri dövlətlərin “Fars körfəzi - Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqədar bütün planları pozulub. Niyə? Çünki dəhlizin keçəcəyi Qafan-Gorus magistralının 21 km-lik hissəsi işğaldan azad olunub və Azərbaycan bu ərazidə öz nəzarət-buraxılış məntəqəsini quraraq bu layihədə ya iştirak etmək, ya da onun bloklamaq fürsəti əldə edib.

Belə görünür ki, indi az qala həftədə bir dəfə bu nəqliyyat dəhlizi ilə bağlı iclas yapan ölkələrin ümidi bir Allaha qalıb.

Yeri gəlmişkən onu da bildirək ki, deyəsən, bu layihənin “ümidinin tək Allaha qaldığını” anlayan Gürcüstan rəhbərliyi artıq layihədən geri çəkilməyə “qərar verib”.

…Qeyd edək ki, Tiflisin bu qərarını çoxları onun Ankara və Bakı ilə münasibətlərin pozulmamasına hesablandığını bildirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə