Borrell beynəlxalq birliyi əfqanlara köməyə çağırıb

Borrell beynəlxalq birliyi əfqanlara köməyə çağırıb

Avropa diplomatiyasının rəhbəri Jozep Borrell, Əfqanıstanın iqtisadi və sosial sistemlərinin tənəzzülə uğradığını və bunun da ölkədə humanitar fəlakətə çevrilə biləcəyini söyləyib: “...ən pis ssenaridən qaçmaq üçün hakimiyyəti ələ keçirən “Taliban” beynəlxalq yardımın artırılması şərtlərini yerinə yetirməlidir”.

Deyim ki, bunu “Reuters” agentliyi Borrellin dediklərinə istinad edərək bildirib.

“Bu gün Əfqanıstan ciddi bir humanitar böhran keçirir, sosial-iqtisadi çöküş yaxınlaşır və bu, həm Əfqanıstanın özü, həm də bütün bölgə, ümumiyyətlə beynəlxalq təhlükəsizlik üçün təhlükəlidir”,-deyə Avropa diplomatiyasının rəhbəri əlavə edib.

Qeyd edək ki, “Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ərzaq məhsulları demək olar ki, 50 faizdən çox bahalaşıb. Yəni, dəqiq desək, sadə xalq aclıq çəkir. Diplomatın sözlərinə görə, bu gün ölkənin bank sistemi praktik olaraq iflic vəziyyətindədir. İnsanlar nağd pul ala bilmirlər, əsasən xarici yardımdan asılı olan ölkənin səhiyyə sistemi isə dayanmağa, məhv olmağa yaxındır.

Onu da bildirək ki, Əfqanıstanın xarici mərkəzi bankların rezervlərindəki 9 milyard aktivinin dondurulması və xaricdən gələn gəlirlərin azalması ölkədə inflyasiyanı gücləndirir.

Borrellə görə, vəziyyət belə davam edərsə, qışda əfqanların və ümumiyyətlə ölkədə yaşayanların qonşu dövlətlərə kütləvi miqrasiyası artacaq ki, bu da humanitar fəlakətə gətirib çıxaracaq.

Diplomatın fikrincə, Avropa İttifaqının Əfqanıstan böhranına cavabı yeni hakimiyyətin atacağı addımlardan, həyata keçirəcəyi hərəkətlərindən asılı olacaq.

Borrellə görə, hər hansı bir əməkdaşlığın bərpası yalnız qanunlara riayət etmək və qadın haqları da daxil olmaqla insan hüquqlarının aliliyi şərtilə mümkündür.

Yeri gəlmişkən, Borrell, “...beynəlxalq birliyi Əfqanıstan xalqına kömək etməsinə imkan verən addımlar atmasına ehtiyacımız var”-deyə dünyaya çağırış edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə