Erməniyə qarşı “qısqançlıq”...hansı gününə?

Ötən gün Qeqam Stepanyan azərbaycanlı hərbçilərdən şikayətlənib. Deyib ki, guya onlar, yəni Azərbaycan hərbçiləri “artsax”ın rəmzlərinə qarşı “şiddətli mübarizə” aparırlar. Ancaq Stepanyana görə, guya, bütün bunlar əbəsmiş..

Yeri gəlmişkən deyim ki, sən demə, Qeqam Stepanyan “artsax”ın yeni “ombudsman”ıymış. Keçmiş “ombudsman” Artak Beglaryan özünü yeni vəzifəyə “təyin” edəndən, yəni ruslar demiş “povışeniyaya” gedəndən sonra yeri boş qalmasın deyə, Qeqamı oturdub öz yerində.

Bəs, necə olmalıdır, xarici dövlətlər “artsax”ın “dövlət strukturlarındakı bütün yeni təyinatlarla” maraqlanırlar axı...

Hə, indi də Qeqam Stepanyan azərbaycanlıların orada yaşayan ermənilərə qarşı nümayış etdirdilkləri “dözümsüzlük, nə bilim qısqanclıq” halları ilə bağlı “dünyanı məlumatlandırmağa” çalışır. Deyir ki, Azərbaycan əsgərlri “artsax” ermənilərinə qarşı guya ksenofobiya nümayiş etdirirlər. Ermənilər də bundan qorxur deyə, gecələr saat 9 olmamış evlərindən bayıra çıxmırlar.

...Amma deyim ki, özünü “ombudsman” sayan birinin bunları deməkdə nəyə nail olmaq istəməsi başadüşülən deyil.

Çünki bu gün azərbaycanlıların Qarabağ torpağında savaş və ya kiməsə qarşı nifrət mübarizəsi aparmır. Təbii ki, belə bir savaş aparsa belə, Qeqam Stepanyan, Artak Beglaryan daha nə bilim hansısa yanlar bu savaşda tərəf kimi çox cılız görünəcəklər. Təbii ki, onlar özləri də bu cılızlıqlarını yaxşı qanırlar. Bundan əlavə, bu gün onlar ətraflarında “toplanan” sadə ermənilərin də elə də uzaq olmayan zaman kəsiyində könüllü olaraq onların “idarəçiliklərindən” çıxacaqlarını yaxşı anlayırlar.

Sadəcə olaraq, hələ ki, nəyəsə ümid edib gözləyirlər...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə