“Çürüyüb” dəyərdən düşən erməni qızılları…

Ermənilərin “168 jam” nəşri Ermənistanın müstəqilliyinin 30 -cu ildönümünü daha “rəngarəng”, daha “möhtəşəm” keçirmək üçün hökumətin Rusiyadan xüsusi pilotsuz uçuş aparatları sifariş verdiyi barədə yazı dərc edib. Nəşrin yazdığına görə, həmin pilotsuz uçuş aparatları işıq şousu təşkil edib, insanları əyləndirməkdə əvəzsiz olsa da.., amma göstərdiyi xidmət müqabilindəki istəyi çox bahadır. Yəni həmən aparatların 10 dəqiqəlik xidməti müqabilində ruslar 110 dollar istəyirlər (..burada deyirlər ey, Allah insafınızı kəssin).

Amma deyim ki, bu, hələ hamısı deyil, yəni bundan əlavə, bu pilotsuz təyyarələrə xidmət edən personal da Rusiyadan gəlməlidir ...onlara xüsusi xidməti, oteldə yerləşmələrini, eləcə də digər xərcləri də sifarişçilər, yəni erməni hökuməti ödəməlidir.

Deyim ki, burda mənim yadıma bizdə olan o, “...yetib hər yarağım, qalıb saqqal darağım” məsəli düşür. Təbii ki, deyir, “keməl halva yeyər, puluna minnət”...amma erməni nəşri “dad” eləyib yazır: “... tədbirin işıq şousu da daxil olmaqla təxmini hesablama xərcləri ən azı bir milyon dollardan çox vəsait tələb edir”.

...Və bu, xəzinənin cari xərclərin qarşılanması baxımından ciddi problemlərlə üzləşdiyi bir ölkə üçün həddindən artıq çoxdur. Bundan əlavə, tədbirə çəkiləcək xərclərin dövlət büdcəsindən ayırılacağı şəksizdir. Çünki bu gün özünü meydanda tək qoyan Nikola bayram şənlikləri ilə kənardan nə maddi, nə də mənəvi kömək göstərən, demək olar ki, yox idi.

...Yaxşı indi erməniləri narahat edən nədir? Məsələ bundadır ki, onlar son vaxtlar ölkədə pensiyaların gecikməsi, büdcədəki maliyyə çatışmazlığı səbəbindən tibb müəssisələrinə dövlət sifarişlərinin ləğv edilməsini daha çox belə “befər” tədbirlərə sərf edilən israfçılıqla əlaqələndirirlər.

Yeri gəlmişkən, bu yaxınlarda Ermənistanda “hüquqi aktların dərc edilməsi üçün vahid internet saytında qiymətli metalların və qiymətli daşların dövlət ehtiyatlarının özgəninkiləşdirilməsinə dair tədbirlər proqramının təsdiq edilməsi barədə” qərar layihəsi meydana çıxıb. Proqramın hələ ki, 2022-2024-cü illər üçün nəzərdə tutulduğu da bildirilir.

...Deməli, həmin proqrama görə, “Qökran” dövlətə məxsus qızılları, qızıl və gümüşdən hazırlanan əşyaları, brilyantları və digər qiymətli əşyaları tender yolu ilə yarım milyard drama, yəni 3 milyon dollardan bir az artıq qiymətə satmaq niyyətində olduğu meydana çıxıb. Deyim ki, söhbət burada 76 kiloqram 643 qram ağırlığında zərgərlik məmulatından gedir.

Onu da deyim ki, “Qökran” ermənilərin Maliyyə Nazirliyinin nəzdində qiymətli metalların və qiymətli daşların saxlanması, sərbəst buraxılması və istifadəsi üzrə yaradılan dövlət qurumudur.

...Yoxun üzü qara olsun... amma deyim ki, gərək “kasıb da yediyi ilə geydiyini bilsin”. Ermənilərə deyən gərək, bu ağır gündə ermənilərin özlərinin də dediyi kimi, gəlib baxmayacaqlarına söz verdikləri işıq şousu kimə lazım idi?

... Söhbətdən uzaqlaşmayaq... Deməli, ermənilər burada da, yəni “al-ver məsələsində” də öz “məğrurluqlarını, əyilməzliklərini” nümayiş etdirməkdən çəkinmirlər. Belə ki, onlar dövlət əmlakı olan qızıl satışını həyata keçirmələrini ölkə xəzinəsinin boş olması ilə yox, sadəcə olaraq, eksperiment keçirmək istədikləri ilə əlaqələndirirlər.

Hətta hamıya inandırıcı kimi görünsün deyə, əntiqə bir arqument də gətirirlər. Məlum olur ki, 1996-cı ildən bəri adıçəkilən zərgərlik əşyalarına baxan yoxdur deyə o da satılmır... 20 ildir ki, anbarda toz yığaraq təqdimat və ən əsas dəyərini itirir.

...Təəccüblüdür, görən çürüyüb dəyərdən düşdüyünü niyə demirlər?

Yeri gəlmişkən xatırladaq ki, hələ 2014 -cü ildə də ermənilərin Maliyyə Nazirliyi oxşar bir təşəbbüs irəli sürmüşdü. Qeyd edək ki, həmən vaxt da ölkə qlobal maliyyə və iqtisadi böhranın nəticələrini yaşayırdı.

Belə görünür ki, bu gün Ermənistanda müharibənin, pandemiyanın nəticələri artıq qabarıq şəkildə özünü göstərməyə başlayır. Teorik olaraq, xalqa məxsus lüks malları dövlətin “qutusundan” çıxarıb satmaq və əldə olunan gəlirdən sosial problemləri həll etmək üçün istifadə etmək bunun bariz nümunəsi kimi görünür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...