Dubayda Madam Tüsso muzeyinin açılışı olacaq

Oktyabrın 14-də Dubayda məşhur Madam Tüsso mum heykəllər muzeyinin açılışı olacaq.

SİA AZƏRTZC-a istinadən xəbər verir ki, Dubayın “Bluewaters” (Mavi sular) adasında açılacaq muzeydə dünyanın musiqi və idman əfsanələrindən tutmuş Körfəz ölkələrinin görkəmli şəxsiyyətlərinə qədər müxtəlif insanların mum heykəlləri nümayiş etdiriləcək. Buradakı 60 mum heykəldən 16-sı ərəb aləminin məşhurlarına məxsusdur.

Bildirilir ki, 7 xüsusi otaqda mum heykəllərin nümayişi ilə yanaşı, ziyarətçilərə interaktiv rəqs imkanı da təqdim olunacaq. Bundan başqa, mum heykəlləri olan Böyük Britaniya Kraliçası, məşhur aktrisalar Odri Höpbörn, Karina Kapur və digərlərinin həyatı haqqında əsərlərin olduğu kitabxana da fəaliyyət göstərəcək.

Oktyabrın 1-də açılışı olacaq “Dubai Expo – 2020” sərgisində iştirak edəcək çoxlu sayda nümayəndə heyətinin Dubaydakı Madam Tüsso Muzeyinə də gələcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə