KTMT-yə qarşı “intiqam”ın ermənisayağı bir növü...

...Deməli, erməni nəşrlərinin yazdığına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən KTMT Təhlükəsizlik Şurasının xarici işlər nazirləri, müdafiə nazirləri və katiblərinin birgə iclasında iştirak edib. Təbii ki, vətənin bu ağır günündə işləmək, fəaliyyət göstərmək lazımdır.

Məsələn, nümunə üçün deyə bilərik ki, ermənilərin hazırkı müdafiə naziri Arşak Karapetyan artıq neçə gündür Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı Rusiyaya gedib. Məxfi görüşlər keçirir. Hətta belə məxfi görüşlər zamanı anasının ölümü ilə bağlı aldığı mesaj belə onu vətənpərvərliyindən yayındırmayıb. Yəni o, Ermənistana anasının dəfninə belə gəlməyi təxirə salıb.

Amma belə görünür ki, Nikolun yaxın ətrafından olan və hazırda ölkədə xarici işlər naziri kimi mühüm bir vəzifə daşıyan Ararat Mirzoyan isə əsl “erməni vətənpərvərliyindən” deyəsən bir balaca kasaddır. Yəni bu sahədə, ruslar demiş hələ “zelidir”, niyə? Cünki KTMT-nin tədbirinə bütün üzv ölkələrin xarici işlər nazirləri qatılsa da, amma o qatılmayıb.

Özü də tədbirə gedib qatılmamağına məntiqi bir səbəb də göstərib. Guya onu Düşənbədə keçirilən KTMT toplantısına aparacaq təyyarənin mühərriki xarab olub. İndi o da oturub təyyarə mühərrikinin təmir olunmasını gözləyir. Mən burada “oturub” dedim, amma bu düz olmur axı. Məsələ bundadır ki, Ararat Mirzoyan təmir işləri gedən ərəfədə İrəvanda bir xeyli rəsmi görüşlər keçirərək ölkəsini Qafqazın ilk “demokratik ölkəsi” kimi təbliğ edib.

Yeri gəlmişkən qeyd edək ki, KTMT-nin Düşənbədə keçirilən dünənki toplantısında təşkilata üzv ölkələr Əfqanıstan ətrafındakı vəziyyəti müzakirə edərək, təşkilatın sərhəd mühafizəsi məsələsində Tacikistana lazımi yardım göstərəcəyi barədə qərarı açıqlayıblar. Bax, deyəsən burada bəzi məsələlər ortaya çıxmağa başlayır. Əslində, erməni Ararat Mirzoyanın təşkilatın məhz Düşənbədə müzakiə edəcəyi məsələlərdən xəbərsiz ola bilməsi elə də inandırıcı görünmür.

Bəs, onda bu, nə təhər olur? Tacikistan müsəlman dövləti ola-ola KTMT əl-ayağa düşüb ona yardım edir, amma “rusların qan qardaşı”, xristian dininin yarandığı bir ölkə-Ermənistan “təcavüzə məruz qalanda” təşkilatın heç tükü belə tərpənmir?

Deyim ki, bir az bundan əvvəl Ararat Mirzoyanı siyasətdə naşı bilib, onu hətta “zelyonnı” hesab edənlər, indi yanıldıqlarını hiss etməyə başlayıblar. Sən demə, bu da erməni xarici işlər nazirinin KTMT-dən almaq istədiyi “intiqamın” ermənisayağı bir növüdür. Yəni KTMT-nin vaxtilə “Ermənistan sərhədlərinə olan müdaxilələrə laqeyd yanaşmasına”na İrəvan da belə cavab verir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...