AB ABŞ-la həmrəy olduğunu ifadə edib TERRORLA MÜBARİZƏDƏ

AB ABŞ-la həmrəy olduğunu ifadə edib TERRORLA MÜBARİZƏDƏ

ABŞ-da törədilən terror aktlarının 20-ci ildönümündə Avropa Birliyi qurumlarının rəhbərləri terrorla mübarizədə Amerika ilə tam həmrəy olduqlarını ifadə ediblər. SİA xəbər verir ki, Avropa Birliyi qurumlarının rəhbərləri bu barədə "Twitter" səhifələrində yazıblar.

"Avropa Birliyi Amerika Birləşmiş Ştatlarını və Amerika prezidentini terrorizm və ekstremizmlə bütün formalarda davam edən mübarizədə dəstəkləyir. İyirmi il əvvəl 11 sentyabrda baş verən dəhşətli terror hücumları tarixin gedişatını dəyişdirdi və biz onun qurbanlarını xatırlayırıq", deyə Avropa Şurası sədri Çarlz Mişel bu barədə "Twitter" səhifəsində yazıb.

Avropa Komissiyasının sədri Ursula von der Leyen Vaşinqtona "nifrət qarşısında azadlığı və şəfqəti müdafiə etməkdə" dəstək olduğunu ifadə edib. Von der Leyen, "Ən qaranlıq, ən çətin vaxtlarda belə, hər bir insanın ən yaxşısı üçün bir yer var", deyib.

Avropa Parlamentinin sədri David Sassoli isə öz müraciətində "iyirmi il sonra terrorla mübarizə bitməmişdir. Biz ayıq qalmalıyıq", deyə bildirib.

AB diplomatiyasının rəhbəri Josep Borrell, 11 sentyabr 2001 -ci il hadisələrini xatırlayaraq, AB-nin terrorizm və ekstremizmlə mübarizəyə inteqrasiya olunmuş bir yanaşma tətbiq etdiyini, səbəbləri aradan qaldırmağa, maliyyə mənbələrini kəsməyə və terrorçuları məhdudlaşdırmağa çalışdığını söyləyib.

Xatırladaq ki, 20 il əvvəl terrorçular tərəfindən qaçırılan iki sərnişin təyyarəsi Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılaraq onları tamamilə məhv edib. Daha bir təyyarə Vaşinqtonda ABŞ Müdafiə Nazirliyinin binasına düşüb. Dördüncü təyyarə Pensilvaniya ştatının Pittsburq yaxınlığında qəzaya uğrayıb. Rəsmi rəqəmlərə görə, New Yorkda 2753, Vaşinqtonda 189, Pensilvaniyada 44 adam ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə